Martın 6-da Coğrafiya İnstitutunda 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirildi.
İnstitutun direktoru akademik Ramiz Məmmədov institutun bütün qadın əməkdaşlarını bu bayram münasibətilə təbrik edərək onların cəmiyyətdəki rolundan söhbət açdı. Bildirdi ki, 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur və BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. Akademik Azərbaycanın 1995-ci ildə rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulduğunu qeyd etdi.
Sonra İnstitutun Həmkarlar Təşkilatının sədri c.ü.f.d. Habil Haqverdiyev ölkəmizin misilsiz nailiyyətlər əldə ediməsində mərd və fədakar qadınlarımızın böyük rolunu diqqətə çatdırdı, Azərbaycan qadının zəkası, qeyrəti, namusu, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti ilə seçildiyini dilə gətirdi.
İnstitutun elmi katibi Luiza Salayeva, a.ü.f.d. Tahirə Salmanova və İnstitutun Gənc Alimlər Şurasının sədri Samirə Ələkbərova çıxış edərək qadınlara göstərdikləri xüsusi qayğı və diqqətə görə qadın kollektivi və GAMŞ adından İnstitut rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda Həmkarlar Təşkilatı adından bütün qadın əməkdaşlarına gül-çiçək və hədiyyələr paylandı.