AR ETN Coğrafiya İnstitutunda Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbir keçirilib 2026-10-09 10:18:00 / TƏDBİRLƏR

8 oktyabr 2026-cı il tarixində AR ETN Coğrafiya İnstitutunda 11 Oktyabr – Beynəlxalq Qızlar Günü münasibətilə Qadınlar Şurasının növbəti tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani iştirakçıları salamlayıb, Beynəlxalq Qızlar Gününün əhəmiyyətindən danışıb. Daha sonra sözü Coğrafiya İnstitutu Qadınlar Şurasının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Solmaz Rzayevaya verib.

Solmaz Rzayeva çıxışında qeyd edib ki, BMT Baş Assambleyasının 2011-ci il dekabrın 19-da qəbul etdiyi qərara əsasən, 11 oktyabr Beynəlxalq Qızlar Günü elan edilib. Bu gün ilk dəfə 2012-ci ildə qeyd olunub. Günün əsas məqsədi qızların hüquqlarının müdafiəsinə, gender bərabərliyinin təmin edilməsinə, eləcə də ayrı-seçkilik və baxımsızlıqla üzləşən qızların problemlərinə diqqət çəkməkdir.

Çıxış zamanı qızların təhsil hüququnun qorunmasının, onların cəmiyyətdə fəal iştirakının dəstəklənməsinin və bərabər imkanlarla təmin edilməsinin vacibliyi vurğulanıb. Xüsusilə, erkən nikah probleminin qızların təhsilinə, gələcək həyatına və iqtisadi müstəqilliyinə mənfi təsirləri diqqətə çatdırılıb.

Tədbirdə, həmçinin “İnzibati şöbəni”nin müdiri Həmdulla Əliyev, Arxeologiya və Antropologiya İnstitutunun Qadınlar Şurasının sədri, tarix elmləri doktoru, dosent Vəfa Mahmudova, coğrafiya üzrə fəlsəfə doktoru Turanə Hüseynova, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Samirə Abuşova, aqrar  üzrə fəlsəfə doktoru Taybəs Nəsirova, Şəms İmrani və Məhbubə Fətullayeva çıxış ediblər.

Çıxışlarda Beynəlxalq Qızlar Gününün qızların hüquqlarının qorunması, gender bərabərliyinin təşviqi və onların üzləşdikləri sosial problemlərin həlli baxımından əhəmiyyəti qeyd olunub. Qızların keyfiyyətli təhsil alması, potensiallarını reallaşdırması və cəmiyyətin bərabərhüquqlu üzvləri kimi inkişaf etməsi üçün əlverişli şəraitin yaradılmasının vacibliyi vurğulanıb.

Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.