Coğrafiya İnstitutunun nümayəndələri davamlı inkişaf və yaşıl enerjiyə həsr olunmuş dəyirmi masada iştirak ediblər 2026-10-01 13:18:00 / TƏDBİRLƏR

Sumqayıt Dövlət Universitetində davamlı inkişaf və yaşıl enerji məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib. Elmi-akademik və praktiki müzakirə formatında təşkil olunan tədbirdə elm və ali təhsil müəssisələrinin, dövlət qurumlarının, enerji və sənaye sektorunun nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu geniş nümayəndə heyəti ilə təmsil olunub. İnstitutun direktoru, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani, eləcə də İnstitutun əməkdaşları dəyirmi masada iştirak ediblər.

Panel müzakirələrində dosent Zaur İmrani davamlı inkişaf və yaşıl transformasiya proseslərində coğrafiya elminin rolu, təbii resurslardan səmərəli istifadə, ərazilərin kompleks elmi qiymətləndirilməsi və ekoloji təhlükəsizlik məsələlərinə toxunub. Müasir ekoloji çağırışların həllində elmi yanaşmaların və elm, təhsil, dövlət və sənaye qurumları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Dəyirmi masa çərçivəsində Azərbaycanın yaşıl enerjiyə keçid perspektivləri, bərpa olunan enerji mənbələrindən səmərəli istifadə, ekoloji təhlükəsizlik, enerji və resurs səmərəliliyi, tullantıların idarə olunması və təkrar emal, rəqəmsal texnologiyaların yaşıl transformasiyada tətbiqi, eləcə də “Yaşıl Kampus” yanaşması ətrafında geniş fikir mübadiləsi aparılıb.

Coğrafiya İnstitutunun əməkdaşları da müzakirələrdə iştirak edərək davamlı inkişaf, ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə və yaşıl transformasiya ilə bağlı fikir mübadiləsinə qoşulublar.

Tədbirdə Coğrafiya İnstitutu ilə yanaşı, müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrinin, dövlət qurumlarının, eləcə də enerji və sənaye sektorunun nümayəndələri iştirak ediblər.

Coğrafiya İnstitutu davamlı inkişaf, iqlim dəyişmələri, təbii resurslardan səmərəli istifadə, ekoloji təhlükəsizlik və yaşıl transformasiya istiqamətlərində elmi tədqiqatların genişləndirilməsinə, elmi nəticələrin praktik tətbiqinə və elm–təhsil–istehsalat əməkdaşlığının gücləndirilməsinə xüsusi önəm verir.