AR ETN Coğrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib 2026-09-16 16:30:00 / ELMİ İCLASLAR

16 sentyabr 2026-cı il tarixində AR Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.İclasa institutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani sədrlik edib. İclasda Elmi Şuranın gündəliyində olan məsələlər müzakirə olunub.

Əvvəlcə “Landşaftşünaslıq və təbiətdən istifadə” laboratoriyasının baş elmi işçisi Sevil Quliyeva laboratoriyanın ilkin çöl tədqiqatlarının nəticələri barədə hesabat təqdim edib. Bildirilib ki, laboratoriyanın bir qrup əməkdaşı “Kiçik Qafqazın şimal-şərq yamacı geosistemlərinin ekogeokimyəvi xüsusiyyətləri və təbii-antropogen komplekslərin idarə olunmasının hövzə prinsipi ilə tədqiqi (2026–2029)” mövzusuna uyğun olaraq 20–24 iyul 2026-cı il tarixlərində Tovuz rayonunda ekspedisiyada olub.

Ekspedisiya zamanı Zəyəm və Əsrik çayları hövzəsində iri miqyaslı landşaft və landşaft-geokimyəvi xəritələrin hazırlanması üçün materiallar toplanıb, hövzənin landşaft-ekoloji vəziyyəti qiymətləndirilib. Həmçinin ərazinin landşaft-geokimyəvi vəziyyətinin və ekogeokimyəvi şəraitinin kompleks təhlili məqsədilə torpaq, süxur və bitki nümunələri götürülüb.

Daha sonra “Torpaqların suvarılması və meliorasiyası” laboratoriyasının rəhbəri a.e.ü.f.d. Afət Cəfərova “Şirvan düzünün torpaqlarının meliorativ vəziyyətinin qiymətləndirilməsi” mövzusunda aparılmış çöl tədqiqatları barədə hesabatla çıxış edib. Tədqiqatlar zamanı əldə olunan nəticələr və gələcək araşdırmaların perspektivləri barədə məlumat verilib.

Elmi Şura üzvləri təqdim olunan hesabatları müzakirə edərək aparılmış çöl tədqiqatlarının elmi əhəmiyyətini və nəticələrin gələcək elmi araşdırmalar, eləcə də praktiki tətbiq baxımından əhəmiyyətini qeyd ediblər.

İclasda, həmçinin Elmi kadrların hazırlığı sektorunun müdiri, c.ü.f.d. Müseyib Yunusov 2026-cı ildə doktoranturaya qəbul olmuş doktorantların siyahısını təqdim edib. Doktorantların elmi-tədqiqat mövzuları və həmin mövzular üzrə elmi rəhbərlər müzakirə olunub.

Aparılan müzakirələrdən sonra mövzuların adlarına bir sıra düzəlişlər edilməsi, onların Elmi Şura tərəfindən təsdiqlənərək baxılması üçün Əlaqələndirmə Şurasına təqdim olunması barədə qərar qəbul edilib.

İclas gündəlikdə duran digər məsələlərin müzakirəsi və müvafiq qərarların qəbul edilməsi ilə başa çatıb.