Coğrafiya İnstitutunun alimləri Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı sahə tədqiqatları aparıblar 2026-09-15 14:20:00 / MÜHÜM HADİSƏLƏR

07–11 sentyabr 2026-cı il tarixlərində AR ETN Coğrafiya İnstitutunun “Geosiyasət və iqtisadi coğrafiya” laboratoriyasının “Gəncə-Daşkəsən iqtisadi rayonunun siyasi və iqtisadi-coğrafi potensialının qiymətləndirilməsi” (2026–2027) mövzusundakı elmi-tədqiqat işi çərçivəsində regionun iqtisadi-coğrafi potensialının kompleks tədqiqi məqsədilə sahə ekspedisiyası təşkil olunub.

 Tədqiqat səfərində “Geosiyasət və iqtisadi coğrafiya” laboratoriyasından laboratoriya müdiri, c.e.d., dosent Nəriman Paşayev (ekspedisiya rəhbəri), elmi işçilər Zöhrə Məmmədova və Dilbər Məmmədova, kiçik elmi işçi Tünzalə İsmayılova və böyük laborant Abdulla Rzayev, eləcə də “Əhali coğrafiyası və toponimika” laboratoriyasından aparıcı elmi işçi, c.ü.f.d., dosent Etibar Bədəlov və böyük elmi işçi, c.ü.f.d. Sima Əliyeva iştirak ediblər.

Ekspedisiya müddətində Daşkəsən, Samux və Göygöl rayonlarının müxtəlif ərazilərində kompleks sahə müşahidələri aparılıb, aidiyyəti qurumlar və sənaye müəssisələrində elmi görüşlər keçirilib. Tədqiqat zamanı ərazidə yerləşən təsərrüfat obyektlərinin mövcud vəziyyəti, istismar səviyyəsi və inkişaf potensialı barədə zəruri elmi-faktiki məlumatlar toplanıb.

Səfər çərçivəsində Daşkəsən rayonunda fiziki-coğrafi və iqtisadi müşahidələr aparılmış, dəmir filizi və mərmər karxanalarının fəaliyyəti yerində qiymətləndirilmişdir. Göygöl rayonunda “Göygöl Şərab Zavodu”na baxış keçirilərək müəssisənin istehsal potensialına dair məlumatlar əldə olunmuş, həmçinin ərazidə əhalinin məskunlaşması, toponimik xüsusiyyətlər və turizm obyektlərinin istismar vəziyyəti öyrənilmişdir. Samux rayonunda “Casa Argo” MMC aqroparkına təşkil edilən səfər zamanı tərəf müqabilləri ilə müzakirələr aparılmış, meyvəçilik təsərrüfatında əyani müşahidələr reallaşdırılmışdır. “Aqroenerji Yaşayış Kompleksi” ərazisində altersiya olunan Günəş enerjisindən istifadə imkanları və obyektin hazırkı texniki-istismar göstəriciləri rəhbərliklə müzakirə edilmişdir. Ekspedisiyanın yekun mərhələsində Yenikənd su anbarına baş çəkilərək ərazinin su ehtiyatları, suvarma şəbəkəsi və mövcud balıqçılıq təsərrüfatının vəziyyəti təhlil olunmuşdur.

Aparılan tədqiqatlar nəticəsində regionun sənaye, kənd təsərrüfatı və nəqliyyat coğrafiyası üzrə zəngin məlumat bazası formalaşdırılmışdır. Eldə edilən elmi-praktiki nəticələr əsasında yeni obyektlər müəyyən edilmiş, onların istismar dinamikası qiymətləndirilmiş və xəritələşdirmə işləri üçün zəruri materiallar toplanmışdır. Həyata keçirilən tədqiqat Gəncə-Daşkəsən iqtisadi rayonunun resurs potensialının və dayanıqlı inkişaf imkanlarının elmi baxımdan əsaslandırılmasına mühüm töhfə verir.