
AR ETN Coğrafiya İnstitutunun əməkdaşları tərəfindən 31 avqust–4 sentyabr 2026-cı il tarixlərində Şahdağ Milli Parkının Şamaxı bölməsində yerləşən Pirqulu Biocoğrafi Stasionarı ərazisində hidroqrafik şəbəkənin ekoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə kompleks çöl tədqiqatları aparılmışdır. Tədqiqatlar ərazidə formalaşan çay şəbəkəsinin, göllərin, bulaqların və digər su mənbələrinin məkan xüsusiyyətlərinin müəyyənləşdirilməsi, onların hidroekoloji vəziyyətinin ilkin qiymətləndirilməsi, su nümunələrinin toplanması və gələcək uzunmüddətli monitorinq üçün məlumat bazasının formalaşdırılmasına yönəldilmişdir. Ekspedisiyaya Coğrafiya İnstitutunun “Geoməkan Analitikası və Kartoqrafiya” laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d, dosent Ülviyyə Məmmədova rəhbərlik etmişdir. Tədqiqatlarda institutun böyük elmi işçisi, a.e.ü.f.d Zeynəb Vəliyeva və aparıcı elmi işçisi, a.e.ü.f.d Şəbnəm Məmmədova iştirak etmişlər.Ekspedisiyanın əsas məqsədini Şahdağ Milli Parkının Şamaxı bölməsində hidroqrafik şəbəkənin müasir ekoloji vəziyyətinin qiymətləndirilməsi, su obyektlərinin məkan və hidroekoloji xüsusiyyətlərinin sənədləşdirilməsi, uzunmüddətli monitorinq üçün ilkin müşahidə məlumatlarının toplanması və su ekosistemlərində baş verə biləcək dəyişikliklərin gələcəkdə müqayisəli şəkildə izlənilməsi təşkil etmişdir. Tədqiqat çaylar, göllər, bulaqlar və artezian su mənbələri daxil olmaqla hidroqrafik obyektlərin müəyyənləşdirilməsi və inventarlaşdırılmasını əhatə etmişdir. Nümunələmə məntəqələri su obyektlərinin yerləşməsi, yüksəklik mövqeyi, relyef, landşaft xüsusiyyətləri və mümkün antropogen təsirlər nəzərə alınmaqla seçilmişdir. Çöl işləri zamanı su obyektlərinin vəziyyəti vizual və instrumental üsullarla qiymətləndirilmiş, laborator analizlər üçün su nümunələri götürülmüş, bütün məntəqələrin coğrafi koordinatları və georeferensləşdirilmiş foto-materialları qeydə alınmışdır.
Dağlıq və meşəlik ərazilərdə müşahidə məntəqələrinin dəqiq müəyyənləşdirilməsi üçün GNSS/GPS treyker sistemindən istifadə edilmişdir. GPS, GLONASS, Galileo və BeiDou peyk sistemləri əsasında koordinatlar, mütləq hündürlük, marşrut, sürət və digər məkan göstəriciləri toplanmışdır. Bu məlumatlar hidroqrafik şəbəkənin rəqəmsal xəritələndirilməsi, geospatial məlumat bazasının yaradılması və gələcək monitorinqlər üçün əsas təşkil edir.
Hidroqrafik şəbəkənin məkan təhlili GIS texnologiyaları, Sentinel peyk təsvirləri və SAR radar məlumatlarının inteqrasiyası ilə aparılmışdır. Bu yanaşma su obyektlərinin məkan xüsusiyyətlərinin, landşaftla qarşılıqlı əlaqəsinin və zaman üzrə dəyişikliklərinin daha dəqiq qiymətləndirilməsinə imkan vermişdir.
Tədqiqat metodologiyası WMO-nun Guide to Hydrological Practices (WMO-No. 168) və WHYCOS proqramının prinsipləri, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin SDG 6.6.1 və SDG 6.3.2 indikatorları əsasında formalaşdırılmışdır. Bu yanaşmalar hidroloji müşahidələrin standartlaşdırılması, su ekosistemlərinin və su keyfiyyətinin beynəlxalq metodologiyalara uyğun qiymətləndirilməsini təmin etmişdir.
Çöl tədqiqatları çərçivəsində Şahdağ Milli Parkının Şamaxı bölməsində müxtəlif hidroqrafik obyektlərdən su nümunələri götürülmüş və analiz üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Mərkəzi Laboratoriyasına təqdim edilmişdir. Laborator nəticələrin çöl müşahidələri və geospatial məlumatlarla birlikdə qiymətləndirilməsi su obyektlərinin ekoloji vəziyyətinin obyektiv müəyyənləşdirilməsinə və uzunmüddətli monitorinq üçün baza göstəricilərinin formalaşdırılmasına imkan verəcəkdir.
Əldə olunan koordinat, foto, marşrut, laborator və məsafədən zondlama məlumatlarının vahid sistemdə inteqrasiyası Şahdağ Milli Parkının Şamaxı bölməsində hidroqrafik şəbəkənin kompleks hidroekoloji qiymətləndirilməsi üçün elmi-metodoloji baza yaratmışdır. Bu nəticələr su ehtiyatlarının qorunması, ekoloji dəyişikliklərin erkən müəyyənləşdirilməsi və uzunmüddətli monitorinq sisteminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.