AR ETN Coğrafiya İnstitutu PHŞ-nin əməkdaşları Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP şirkətinin birgə dəstəyi ilə keçirilən layihədə iştirak ediblər 2026-08-31 02:12:00 / MÜHÜM HADİSƏLƏR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP şirkətinin “Şirvan-Salyan iqtisadi rayonunda iqlim dəyişmələri fonunda torpaq və sudan səmərəli istifadəyə dair maarifləndirmə” layihəsi həyata keçirilmişdir. Layihədə Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu PHŞ əməkdaşları, Torpaq Ekologiyası Laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Zaman Məmmədov və Torpaqların suvarılması və meliorasiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Gülçöhrə Hüseynova layihə təlimçiləri və əsas məruzəçilər qismində iştirak etmişlər.Layihənin əsas məqsədi iqlim dəyişmələri şəraitində torpaq və su ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təşviqi, fermerlərin bu sahədə bilik və bacarıqlarının artırılması, torpaq və su resurslarının idarə olunması, torpaqların deqradasiyasının qarşısının alınması və mövcud problemlərlə bağlı maarifləndirmənin gücləndirilməsi olmuşdur.

   Layihə çərçivəsində Şirvan-Salyan iqtisadi rayonunun Hacıqabul, Şirvan, Neftçala və Salyan rayonlarında maarifləndirici seminarlar təşkil edilmiş, hər bir inzibati rayon üzrə yerli icra hakimiyyətlərinin aidiyyatı əməkdaşları, DAİM-lər və təxminən 25–30 fermer olmaqla (ümumilikdə 100 çox) yerli kənd təsərrüfatı istehsalçıları ilə görüşlər keçirilmişdir. Tədbirdə Zaman Məmmədov tərəfindən torpaq ehtiyatlarından səmərəli istifadə, torpaqların idarə olunması, kənd təsərrüfatı torpaqlarının düzgün istifadəsi və torpaq deqradasiyasının əsas problemləri barədə geniş məlumat verilmişdir. Gülçöhrə Hüseynova isə su ehtiyatlarının səmərəli istifadəsi və idarə olunması, suvarma problemləri, su itkilərinin azaldılması və iqlim dəyişmələri şəraitində su resurslarının qorunmasının əhəmiyyəti barədə təqdimatla çıxış etmişdir. Layihə nəticəsində fermerlərin torpaq və su ehtiyatlarının qorunması və səmərəli istifadəsi ilə bağlı maarifləndirilməsi, praktiki biliklərinin artırılması və iqlim dəyişmələrinin yaratdığı risklərə uyğunlaşma imkanlarının gücləndirilməsi istiqamətində tövsiyyələr verilmiş və fermerləri maraqlandıran məsələlər ayrı-ayrı müzakirələr edilmişdir.

 Həmçinin tədbirdə iştirak edən fermerlərə aktiv iştiraklarına görə sertifikatlar təqdim olunmuşdur.