
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və Clarivate şirkətinin birgə təşkilatçılığı ilə 20-24 iyul 2026-cı il tarixlərində Serbiyanın Belqrad şəhərində yerləşən Clarivate şirkətinin ofisində "Clarivate Certification Program on Scientometrics" adlı beynəlxalq sertifikatlaşdırma təlimi keçirilmişdir.
AR ETN Coğrafiya İnstitutu PHŞ “Turizm və rekreasiya coğrafiyası” laboratoriyasının böyük elmi işçisi Turanə Hüseynova Serbiyanın Belqrad şəhərində keçirilmiş “Elmmetriya üzrə Sertifikasiya Proqramı” beynəlxalq təlimində iştirak etmişdir.
Beş gün davam edən proqramın əsas məqsədi elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində beynəlxalq yanaşmaların öyrədilməsi, Clarivate platformalarının imkanlarının praktiki şəkildə mənimsənilməsi, bibliometrik göstəricilərin tətbiqi, elmi nəşrlərin keyfiyyətinin yüksəldilməsi və tədqiqatçıların müasir elmi informasiya resurslarından səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsi olmuşdur. Təlim proqramı nəzəri təqdimatlar, praktiki məşğələlər, real nümunələr üzərində tətbiqlər və yekun qiymətləndirmədən ibarət olmuşdur.