
AR ETN Coğrafiya İnstitutunun "Torpaqların münbitliyi" laboratoriyasının əməkdaşları tematik elmi-tədqiqat işləri çərçivəsində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində ekspedisiyada olublar.
Ekspedisiyanın əsas məqsədi əkin sahələrində torpağın qida maddələri ilə təminat səviyyəsini, onların dinamikasını və münbitlik göstəricilərini öyrənmək olub. Bu məqsədlə rayonun taxıl və tütün sahələrində çöl tədqiqatları aparılıb, torpaq örtüyünün xüsusiyyətləri qiymətləndirilib və 0-30 sm dərinlikdən torpaq nümunələri götürülüb.
Toplanmış nümunələrdə torpağın əsas aqrokimyəvi göstəricilərinin, qida elementlərinin miqdarının və münbitlik səviyyəsinin müəyyənləşdirilməsi üçün laboratoriya analizləri həyata keçiriləcək. Hazırda nümunələrin analizə hazırlanması istiqamətində laboratoriyada müvafiq hazırlıq işləri davam etdirilir.
Ekspedisiya tədqiqatları Coğrafiya İnstitutunun "Torpaqların münbitliyi" laboratoriyasının əməkdaşları – a.e.ü.f.d., dosent Yeganə Manafova, a.e.ü.f.d., dosent Xuraman Zeynalova, k.e.i. Elnarə Abasova, Səbinə Rəhimova və Nuridə Nəbiyevın iştirakı ilə həyata keçirilib.