
24 iyun tarixində AR ET Coğrafiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclas institutun elmi katibi, c.ü.f.d. Səidə Zeynalovanın sədrliyi ilə baş tutub.
İclasda gündəlikdə duran məsələlər müzakirə olunub. İlk olaraq "Qurunun hidrologiyası" laboratoriyasının müdiri, c.e.d., professor Rza Mahmudov "Regional iqlim dəyişmələri və onların su ehtiyatlarına təsiri" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, intensiv yağıntılar nəticəsində torpaq eroziyasının güclənməsi, münbit torpaq qatının yuyulması və kənd təsərrüfatına yararlı ərazilərin azalması kimi məsələlərə toxunulub.
Daha sonra "Geomorfologiya və paleocoğrafiya" laboratoriyasının müdiri, c.e.d., dosent Starə Tarixazər İsmayıllı-Şamaxı bölgəsində mart-may aylarında baş vermiş intensiv yağıntılar nəticəsində yaranan uçqun, sürüşmə və sel hadisələri ilə bağlı aparılan tədqiqatların nəticələrini təqdim edib. Qeyd olunub ki, təbii fəlakətlər nəticəsində Lahıc-Dəmirçi yolunun 17-ci kilometri və İsmayıllı-Lahıc yoluna ciddi ziyan dəyib, Lahıc qəsəbəsində isə 80 hektar kənd təsərrüfatı təyinatlı torpaq yararsız vəziyyətə düşüb. Məruzədə İsmayıllı-Lahıc yolunda geoloji risklərin davamlı monitorinqinin vacibliyi vurğulanıb.
İclasda elmlər doktoru hazırlığı proqramı üzrə dissertantların 2 fevral 2026-cı il tarixli attestasiyasının nəticələrinə dair protokol təsdiq edilib. "Elmi kadrların hazırlığı" sektorunun müdiri, c.ü.f.d. Müseyib Yunusov attestasiyanın nəticələri barədə məlumat verib. Elmi Şuranın qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən doktorant və dissertantların təhsilini başa vurmaları, eləcə də növbəti kurslara keçirilməsi təsdiqlənib.
İclasda həmçinin c.ü.f.d. Solmaz Rzayevanın “Azərbaycanda müasir ekocoğrafi şəraitin xəstəliklərin yayılmasına təsirinin tibbi coğrafi tədqiqi” adlı monoqrafiyasının çapa təqdim edilməsi məsələsinə baxılıb və Elmi Şuranın qərarı ilə monoqrafiyanın nəşrə təqdim olunması məqsədəuyğun hesab edilərək təsdiqlənib.