
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu PHŞ tərəfindən görkəmli torpaqşünas alim, AMEA-nın müxbir üzvü, professor Amin İsmayılovun anadan olmasının 75 illik yubileyinə həsr olunmuş “Xəzər hövzəsi: ekocoğrafi problemlər və davamlı inkişaf” beynəlxalq elmi konfransı öz işini uğurla başa çatdırıb.
Konfransın ilk günü keçirilən plenar iclasda elm və təhsil ictimaiyyətinin nümayəndələri, ali təhsil müəssisələrinin alimləri və tədqiqatçılar iştirak etmiş, tədbirin əhəmiyyəti, Xəzər hövzəsinin ekocoğrafi problemlərinin öyrənilməsinin aktuallığı, eləcə də professor Amin İsmayılovun Azərbaycan coğrafiya və torpaqşünaslıq elminin inkişafına verdiyi töhfələr barədə çıxışlar səsləndirilmişdir.
Konfransa ümumilikdə 123 məqalə təqdim edilmiş, onlardan 87-si konfrans proqramına daxil edilmişdir. Tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Çin alim və tədqiqatçılarının da məruzələri təqdim olunmuşdur.
Konfrans çərçivəsində təşkil olunan bölmə iclaslarında Xəzər hövzəsinin fiziki-coğrafi xüsusiyyətləri, iqlim dəyişiklikləri və ekoloji risklər, biomüxtəlifliyin qorunması, torpaq resursları, təbii ehtiyatlardan istifadə, ekoloji təhlükəsizlik, davamlı inkişaf və regional əməkdaşlıq məsələlərinə həsr olunmuş məruzələr dinlənilmişdir.
Bölmə iclaslarının işinə birinci panel üzrə “Turizm və rekreasiya coğrafiyası” laboratoriyasının elmi işçisi Turanə Hüseynova, ikinci panel üzrə isə “Strateji inkişaf, monitorinq və qiymətləndirmə sektoru”nun müdiri Sərxan Cəfərov rəhbərlik etmişdir. Sessiyalar zamanı təqdim olunan məruzələr ətrafında geniş elmi müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış və müxtəlif istiqamətlər üzrə fikir mübadiləsi həyata keçirilmişdir.
Konfransın ikinci günü onlayn formatda keçirilən panel iclaslarında yerli və xarici tədqiqatçıların çıxışları dinlənilmiş, Xəzər hövzəsinin ekoloji vəziyyəti, iqlim dəyişikliklərinin təsirləri, biomüxtəlifliyin mühafizəsi, torpaq və su resurslarının idarə olunması, eləcə də davamlı inkişaf məsələləri üzrə aktual elmi nəticələr təqdim edilmişdir.
İki gün davam edən beynəlxalq elmi konfrans Xəzər hövzəsində mövcud problemlərin elmi müstəvidə müzakirəsi, yeni tədqiqat nəticələrinin təqdim olunması və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma olmuşdur. Tədbirin sonunda iştirakçılar konfransın yüksək səviyyədə təşkil olunduğunu qeyd etmiş, gələcək birgə elmi fəaliyyət və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulamışlar.