AR ETN Coğrafiya İnstitutunun əməkdaşları və qazaxıstanlı tədqiqatçı Ataçay hövzəsində monitorinq aparıblar 2026-06-11 15:33:00 / MÜHÜM HADİSƏLƏR

     Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Coğrafiya İnstitutunun “Geomorfologiya və paleocoğrafiya” laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru, dosent Stara Tarixazər və dissertasiya işi çərçivəsində elmi tədqiqatların aparılması, həmçinin təhlükəli ekzogen proseslərin öyrənilməsi sahəsində azərbaycanlı tədqiqatçılarının təcrübəsinin mənimsənilməsi məqsədilə təcrübə keçmək üçün Qazaxıstan Respublikasından gəlmiş Saniya Beysenbayeva 7 iyun 2026-cı il tarixində Ataçay çayı hövzəsində sürüşmə proseslərinin monitorinqini aparmışlar. Bu ərazi yalnız həmin proseslərə ən çox məruz qalan sahələrdən biri deyil, eyni zamanda sürüşmə materialı sel axınlarının qidalanma mənbəyi kimi çıxış edir. Ataçay çayında palçıq-daş sel axınları müşahidə olunur ki, bunu da dağ hövzəsinin litoloji tərkibi - əhəngdaşı, mergel, əhəngli qumdaşı və digər qatları özündə birləşdirən fliş çöküntüləri sübut edir.

     Ekzodinamik proseslərin inkişafını müəyyən edən əsas səbəb uzununa morfostrukturlar hesab olunur. Bu morfostrukturlar mütləq və nisbi yüksəkliklərinə, relyefin parçalanma dərəcəsinə, yamacların maililiyinə və digər xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Burada müsbət relyef formaları kimi Altıağac və Xızı yaylaları çıxış edir. Sürüşmələrin formalaşmasında sinklinal zirvələrin mövcudluğu mühüm əhəmiyyət daşıyır, çünki onların səthinin konkav forması atmosfer yağıntılarının toplanmasına və yeraltı suların qidalanmasına şərait yaradır. Layların kəskin əyilmələrində güclü gərginlik nəticəsində çoxsaylı çatlar əmələ gəlir və bu çatlar eroziyanın təsiri ilə genişlənir. Atmosfer suları həmin çatlarla yamacların dərinliklərinə daxil olaraq çatlı gil süxurlarını nəmləndirir, onların şişməsinə, plastik xüsusiyyət qazanmasına və sürüşməsinə səbəb olur.

     Beləliklə, əlverişli geoloji-geomorfoloji şərait (sinklinal zirvələrin, tektonik qırılmaların və çatların mövcudluğu, 7–8 bala çatan seysmiklik, yamacların böyük maililiyi (25° və daha çox) və şimal baxarlılığı, litoloji xüsusiyyətlər (gil-mergel tərkibli və yüksək çatlılığa malik süxurlar) və iqlim şəraiti (400–600 mm yağıntı və onun mövsümi xarakteri – yaz və payız aylarında düşməsi, həmçinin çoxsaylı yeraltı suların mövcudluğu) Ataçay hövzəsində sürüşmələrin geniş inkişafına şərait yaradır. Bu sürüşmələrin əksəriyyəti 800 m-dən yüksək ərazilərdə formalaşır. Müasir relyefdə ən iri və aydın ifadə olunmuş sürüşmə-axınlar Yuxarı Fındığan, Baxışlı və Xələncan sürüşmələridir.

     Bundan əlavə, sürüşmələr antropogen fəaliyyət nəticəsində də təhrik olunur və aktivləşir. Uzunluğu 20 km olan, iki zolaqlı, eni 7 m və IV texniki kateqoriyaya aid Xızı–Altıağac yolu suayırıcı hissədə inşa edilmişdir. Yolun tikintisi zamanı hündürlüyü 3 m-dən artıq olan yamacların kəsilməsi aparılmışdır. Güclü yağıntılar yamacları təşkil edən süxurların su ilə doyma dərəcəsini artırmış, nəticədə asfalt örtüyündə deformasiya və dağıntılar yaranmışdır. Yol örtüyündə uzunluğu onlarla santimetrdən 50 m-ə qədər, dərinliyi isə 10–40 sm olan çoxsaylı çatlar, həmçinin çökmə hadisələri qeydə alınmışdır.

     Bununla yanaşı, Xızı dağlarında yağışlar eroziya yarğanlarının, karst-suffoziya mənşəli çökəkliklərin və kiçik sürüşmə deformasiyalarının inkişafına səbəb olmuşdur. Yağış suları çatlarda toplanaraq dərinliyə nüfuz etmiş, incə gil hissəciklərini yuyub aparmış (mexaniki suffoziya), filtrasiya yollarını genişləndirmişdir. Zəifləmiş sahələrdə səthin çökməsi baş vermişdir. Karst-suffoziya prosesləri dağ yamaclarında zəncirvari və qrup şəklində, həmçinin çökəkliklərdə müşahidə olunmuşdur ki, bu da relyefin struktur nəzarəti altında formalaşdığını, yəni səth formasının süxurların geoloji quruluşu ilə müəyyən edildiyini göstərir.

     Əsas süxurları yuxarı təbaşir və paleogen yaşlı terrigen-karbonat və fliş çöküntüləri təşkil edir: rəngarəng və boz rəngli güclü dislokasiyaya uğramış gillər, mergellər və nazik laylı aleurolitlər. Su sukeçirməyən gil qatlarında toplanır. Burada çoxlu sayda incədispers (tozvari və gil tərkibli) hissəciklər mexaniki suffoziyaya məruz qalaraq boşluqlar əmələ gətirir.

    Laylı və çatlı əhəngdaşları, əhəngli qumdaşları və mergelli karbonatlar kimyəvi həllolma prosesini təmin edir. Bu süxurlar Xızı zonasının güclü qırışıqlığı səbəbindən sıx tektonik çatlar şəbəkəsi ilə inkişaf etmişdir. Yağış suları səthlə axmaq əvəzinə dərinliyə nüfuz edir və nəticədə tektonik çatlarla sıx bağlı olan zəncirvari çökəkliklər formalaşır.

    Dördüncü dövrə aid delüvial-prolüvial çöküntülər (səthi örtük) - çınqıl və əsas əhəngdaşı qırıntıları ilə zəngin boş gillicə və qumsal gillicələrdən ibarətdir. Bu örtük qatının qalınlığı 10-15 m-ə çatır. Məhz burada çökmə prosesləri və eroziya yarğanlarının formalaşması müşahidə olunur.