Coğrafiya İnstitutunun əməkdaşı Qaradağ-Xarxar və Dəmirli mədən layihələri üzrə ictimai müzakirədə iştirak edib 2026-06-11 14:00:00 / MÜHÜM HADİSƏLƏR

   Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və təbiətdən istifadə” laboratoriyasının əməkdaşı, coğrafiya elmləri doktoru Sevil Quliyeva Qaradağ-Xarxar mədənlərinin istismar layihəsi, eləcə də Dəmirli mədəninin Nəm Tullantı Anbarı-2 və Topa Aşındırma Sahəsi-2 layihələri üzrə ətraf mühitə təsirlərin qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin geniş ictimai müzakirə iclasında iştirak edib.

   İctimai dinləmədə dövlət qurumlarının nümayəndələri, ekoloq alimlər, müvafiq sahə üzrə mütəxəssislər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və yerli ictimaiyyət üzvləri iştirak ediblər. Tədbirin əsas məqsədi layihələrin ətraf mühitə mümkün təsirlərinin qiymətləndirilməsi, ekoloji risklərin müəyyənləşdirilməsi və bu istiqamətdə görüləcək tədbirlərin ictimaiyyətə təqdim olunması olub.

   İclas zamanı Qaradağ və Xarxar mədənlərinin istismar layihəsi üzrə ƏMTQ sənədinin məzmunu, aparılmış tədqiqatların nəticələri, mədən işlərinin ekosistemlərə, torpaq və su ehtiyatlarına, biomüxtəlifliyə, həmçinin sosial-iqtisadi mühitə potensial təsirləri barədə geniş təqdimat keçirilib.

   Tədbirdə iştirak edən Coğrafiya İnstitutunun əməkdaşı coğrafiya elmləri doktoru Sevil Quliyeva da müzakirələrdə iştirak edib, layihələrin ətraf mühitə təsirləri, landşaftların qorunması və təbii resurslardan davamlı istifadə məsələləri üzrə fikir mübadiləsində iştirak edib.

   Alimlər və mütəxəssislər tərəfindən verilən suallar layihə icraçıları tərəfindən cavablandırılıb, ictimaiyyətin rəy və təkliflərinin yekun sənədlərdə nəzərə alınacağı bildirilib.