
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) görkəmli alim, əməkdar elm xadimi, akademik Məmmədtağı Cəfərovun anadan olmasının 90 illiyinə həsr olunmuş Respublika elmi-praktik konfransı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani iştirak edib.
Konfransda ADAU-nun rektoru Zəfər Qurbanov, Milli Məclisin deputatları Naqif Həmzəyev və Müşfiq Cəfərov, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov və digər elm və təhsil ictimaiyyətinin nümayəndələri çıxış edərək akademik Məmmədtağı Cəfərovun Azərbaycan elminə verdiyi töhfələrdən bəhs ediblər.Bildirilib ki, Məmmədtağı Cəfərov yalnız görkəmli alim kimi deyil, həm də böyük pedaqoq kimi yüzlərlə mütəxəssisin yetişməsində mühüm rol oynayıb, gənc alimlərin formalaşmasına dəyərli töhfələr verib.
Tədbir çərçivəsində iştirakçılar universitetin inzibati binasının foyesində təşkil olunan, akademikin zəngin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Həmçinin konfransda Məmmədtağı Cəfərovun həyat və yaradıcılığına həsr edilmiş videoçarx nümayiş etdirilib.