AR ETN Coğrafiya İnstitutunun əməkdaşı WUF13 çərçivəsində keçirilən ekoloji maarifləndirmə tədbirində iştirak edib 2026-05-18 12:33:00 / MÜHÜM HADİSƏLƏR

 WUF13 – Ümumdünya Şəhərsalma Forumu çərçivəsində 15 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Şəhərlərdə dayanıqlı həyat tərzinin və ictimai iştirakın formalaşmasında ekoloji maarifləndirmənin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun elmi işçisi Cəmilə Əhmədova da iştirak edib. Dəyirmi masanın əsas məqsədi şəhər mühitində ekoloji düşüncənin inkişaf etdirilməsi, ictimai iştirakçılığın artırılması, dayanıqlı həyat tərzinin təşviqi və ətraf mühitin qorunması istiqamətində görülən işlərin müzakirəsi olub.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, elm adamları və ekoloji təşkilatların təmsilçiləri iştirak ediblər. Çıxış edənlər şəhərlərdə ekoloji tarazlığın qorunmasının, yaşıllıq sahələrinin artırılmasının, tullantıların düzgün idarə olunmasının və cəmiyyətin ekoloji biliklərinin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Təmiz Şəhər ASCnin, Ekosfera Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı nümayəndələri təqdimatlarla çıxış ediblər. Təqdimatlarda ekoloji təhsilin cəmiyyətin davranış modelinə təsiri, şəhərlərdə dayanıqlı inkişaf prinsiplərinin tətbiqi, iqlim dəyişikliklərinə uyğunlaşma və ictimai maarifləndirmə layihələrinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.