2015-ci il, yanvarın 21-də AMEA Coğrafiya İnstitutunun kollektivi ilə “National Geographic Azərbaycan” jurnalının redaksiya heyətinin görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Ramiz Məmmədov Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Bakıda nəşr olunan “National Geographic Azərbaycan” jurnalının ətraf mühitin mühafizəsi baxımından ölkəmiz üçün əhəmiyyətini və bu sahədə biliklərin artırılmasına xidmət etdiyini diqqətə çatdırıb.
Jurnalın baş redaktoru Seymur Teymurov özü haqqında tanışlıq verdikdən sonra, böyük imperiya adlandırdığı Milli Coğrafiya Cəmiyyətinin (ABŞ) National Geographic jurnalı haqqında geniş məlumat verib dedi ki, bu gün 40 milyondan artıq insan 26 dildə nəşr olunan bu jurnalın oxucusudur. National Geographic tarix, arxeologiya, elm və mədəniyyət haqqında görünməmiş unikal foto və videolar, eləcə də eksklüziv materiallar dərc edir. Elə bir elm sahəsi yoxdur ki, jurnalda əhatə olunmasın. Ətraf mühitin mühafizəsi, fəlakətlər, qlobal istiləşmə, atmosferin çirklənməsi, müxtəlif fauna növlərinin məhvi təhlükəsi və digər ekoloji problemlər jurnalın hədəf obyektidir. Gün ərzində redaksiyaya 10 mindən artıq fotoşəkil daxil olur ki, onların içərisindən kiçicik bir qisim – çox yüksək keyfiyyətə malik təkrarsız şəkillər çap olunmaq üçün seçilir. Həmyerlimiz fotoqraf Rza Diqqətinin də çəkdiyi unikal fotolar burada öz əksini tapır.
Azərbaycan 40-cı ölkədir ki, bu jurnalı öz dilində nəşr edir. Əsası saxlanılmaqla onun 20 faizi respublika haqqında materiallarla işıqlandırılır. Jurnalın ölkəmizdə çap edilməsi insanlarımızın ekoloji məlumatlandırma və maarifləndirmə işində böyük rol oynayır.
S.Teymurov Coğrafiya İnstitutunun kollektivinə əməkdaşlıq təklif edərək, şərtləri izah etdi. Cİ coğrafiya elminə aid verilən materialların redaktə olunmasını, coğrafi adların, yer, məntəqə adlarının dəqiqləşdirilməsini öz üzərinə götürür. Redaksiya jurnalın tələblərinə cavab verən coğrafiyaçı tədqiqatçıların maraqlı elmi məqalələrini nəşr edir, respublikanın müxtəlif guşələrindən redaksiyaya daxil olan, lakin çar edilməyən materialları Respublika Coğrafiya Cəmiyyəti jurnalının redaksiyası ilə paylaşır.