AR ETN Coğrafiya İnstitutu ilə Pedaqoji Universitet arasında anlaşma memorandumu imzalanıb 2026-05-08 15:21:00 / MÜHÜM HADİSƏLƏR

Mayın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun rəhbər heyəti ilə görüş keçirilib.

Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən c.e.d., dosent Zaur İmrani, universitetin tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, ümumi işlər üzrə prorektoru Tural Cəlilov, Tarix və coğrafiya fakültəsinin dekanı dosent Asif Axundov, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev, Ümumi coğrafiya kafedrasının müdiri professor Məhəmməd Abduyev, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının müdiri dosent Sona İmanova, həmçinin Coğrafiya İnstitutunun Beynəlxalq əməkdaşlıq sektorunun müdiri Elnur Səfərov, Tədris şöbəsinin müdiri c.ü.f.d. Müseyib Yunusov, İnzibati şöbənin müdiri Həmdulla Əliyev və Strateji inkişaf, monitorinq və qiymətləndirmə sektorunun müdiri Sərxan Cəfərov iştirak ediblər.

Görüş zamanı ADPU-nun Tarix və coğrafiya fakültəsi ilə Coğrafiya İnstitutu arasında mövcud elmi-pedaqoji əməkdaşlıq əlaqələrindən bəhs olunub, bu münasibətlərin daha da genişləndirilməsi və institusional səviyyədə inkişaf etdirilməsi məqsədilə anlaşma memorandumunun imzalanmasının vacibliyi vurğulanıb.

Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalanıb. Memorandumda birgə elmi tədqiqatların aparılması, akademik heyət və tələbə mübadiləsi, təcrübə proqramlarının təşkili, elmi seminar, konfrans və simpoziumların keçirilməsi, təlim və ömürboyu təhsil proqramlarının həyata keçirilməsi, ətraf mühitin idarə olunması sahəsində birgə təşəbbüslərin reallaşdırılması, innovativ tədris və idarəetmə təcrübələrinin paylaşılması, elmi-metodik bilik mübadiləsinin aparılması, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri öz əksini tapıb.