AR ETN Coğrafiya İnstitutunun əməkdaşı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib 2026-05-07 14:55:00 / TƏDBİRLƏR

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Ümummilli Lider Heydər Əliyev irsi: Müstəqil Azərbaycanın memarı və milli dirçəlişin müəllifi” mövzusunda tədbir keçirilib. Keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, elm və təhsil müəssisələrinin rəhbərləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayon ictimaiyyəti və fəal gənclər iştirak ediblər. Tədbirdə AR ETN Coğrafiya İnstitutunun YAP ilk ərazi partiya təşkilatının sədr müavini Məhbubə Fətullayeva da təmsil olunub.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən YAP Yasamal rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək əziz xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra təşkilatda keçirilən tədbirdə Ümummilli Liderin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli həyat yolunu, dövlətçilik fəaliyyətini və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.