AR ETN Coğrafiya İnstitutunun Ucar dayaq məntəqəsində elmi-təcrübi fəaliyyətlər qiymətləndirilib 2026-05-07 15:12:00 / MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunun Ucar stasionar təcrübə məntəqəsində həyata keçirilən elmi tədqiqat və təşkilati işlərlə bağlı geniş tanışlıq səfəri təşkil olunub. Səfərdə Coğrafiya İnstitutunun direktoru, c.e.d., dosent Zaur İmrani və institutun bir qrup əməkdaşı iştirak ediblər.

Səfər zamanı məntəqə rəhbəri Rəşad Cəfərov tərəfindən stasionar təcrübə məntəqəsində aparılan elmi fəaliyyətlər, mövcud tədqiqat istiqamətləri, həyata keçirilən işlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib.

Eyni zamanda institut əməkdaşlarının təcrübə sahələrinə və təsərrüfat əkinlərinə baxış keçirilib, müxtəlif kənd təsərrüfatı bitkilərinin vəziyyəti, torpaq xüsusiyyətləri və becərilmə prosesləri yerində qiymətləndirilib. Aparılan müşahidələr çərçivəsində torpaq-iqlim şəraiti, məhsuldarlığa təsir edən amillər və əkin sahələrində tətbiq olunan aqrotexniki yanaşmalar müzakirə olunub.

Qeyd edilib ki, dayaq məntəqəsində həyata keçirilən tədqiqatlar regionun təbii-coğrafi xüsusiyyətlərinin öyrənilməsi, torpaq və su resurslarından səmərəli istifadə, eləcə də kənd təsərrüfatının davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Səfər iştirakçıları görülən işlərlə yaxından tanış olaraq gələcək elmi-təcrübi  fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparıblar.