Şimal bölgəsində sel fəsadları: Coğrafiya İnstitutu tərəfindən geomorfoloji araşdırma aparılıb 2026-05-05 10:05:00 / MÜHÜM HADİSƏLƏR

AR ETN Coğrafiya İnstitutunun “Geomorfologiya və paleocoğrafiya” laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru, dosent Starə Tarixazər 2-3 may tarixlərində Azərbaycanın şimal bölqəsində baş vermiş sel axınlarının fəsadlarına vizual baxış keçirmişdir. Son günlər müşahidə olunan intensiv yağışlar nəticəsində çayda suyun səviyyəsi yüksəlmiş, bu da Xaçmaz–Xudat–Nabran yolunun bir hissəsinin dağılmasına səbəb olmuşdur. Müqtədir kəndi ərazisində sel axını, üzərindən yol keçən beton borunu dağıtmış, nəticədə asfalt örtüyü çaya uçmuşdur.

Bundan əlavə, Dəvəçiçayda monitorinq aparılmışdır. Çay yatağı ilə hərəkət edən sel axını Şabran rayon mərkəzindən “Shabran Resort” otelinə gedən 23 km-lik avtomobil yolunun 5, 6, 8 və 11-ci kilometrlərində yol yatağının uçmasına səbəb olmuşdur. Həmçinin altı körpü zədələnmiş və Xəlfələr kəndində bir neçə yaşayış evinə maddi ziyan dəymişdir. Yol boyu çoxsaylı sürüşmə faktları qeydə alınmışdır. Anormal yağıntılar və ya sürüşmə prosesləri baş verəcəyi təqdirdə, təkcə “Shabran Resort” kurortunun turistləri deyil, həmçinin Xəlfələr, Şahnəzərli, Söhbətli, Zeyva, Pirəbədil və digər kəndlərin təxminən 4 min yerli sakini təcrid olunmuş vəziyyətdə qala bilər.