AR ETN Coğrafiya İnstitutu PHŞ-nin əməkdaşları Beynəlxalq Xəzər elmi-texnoloji sessiyasında məruzə ilə çıxış ediblər 2026-04-24 15:00:00 / KONFRANSLAR

23 aprel 2026-cı il tarixində onlayn formatda Beynəlxalq Xəzər elmi-texnoloji sessiyası keçirilmişdir. Sessiya çərçivəsində Xəzər dənizinin akvatoriyasında ekoloji vəziyyət, mövcud problemlər və onların aradan qaldırılması yollarına həsr olunmuş məruzələrlə bu sahədə ixtisaslaşmış alimlər çıxış etmişlər.

Sessiyada Azərbaycanı təmsil edən Coğrafiya İnstitutu PHŞ-nin direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani  və institutun elmi katibi, c.ü.f.d. Səidə Zeynalova “Xəzər dənizinin Azərbaycan sektoru sahillərinin ekoloji vəziyyəti və milli parklar” mövzusunda məruzə ilə çıxış ediblər.  

Sessiya zamanı qeyd olunub ki, Xəzər dənizinin səviyyəsinin müasir dəyişkənliyi sahilyanı landşaftların dinamikasına və ekosistemlərin sabitliyinə ciddi təsir göstərir. Bu baxımdan, sahil zonalarında aparılan kompleks monitorinq işlərinin genişləndirilməsi və elmi əsaslandırılmış idarəetmə mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Eyni zamanda vurğulanıb ki, milli parklar biomüxtəlifliyin qorunmasında və həssas təbii komplekslərin saxlanılmasında mühüm rol oynayır. İqlim dəyişiklikləri fonunda adaptasiya strategiyalarının hazırlanması və region ölkələri arasında elmi əməkdaşlığın gücləndirilməsi Xəzər hövzəsində dayanıqlı inkişafın təmin olunmasının əsas istiqamətlərindən biri kimi qiymətləndirilib.