Coğrafiya İnstitutunun monitorinqi: Sabunçuda evin dağılmasının səbəbləri müəyyən edilib 2026-04-09 10:36:00 / MÜHÜM HADİSƏLƏR

Bakı şəhərinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Geray Əsədov küçəsində aprelin 7-nə keçən gecə fərdi yaşayış evinin uçması baş verib. Hadisə nəticəsində həmin evin sakini dağıntılar altında qalaraq müxtəlif dərəcəli xəsarətlər alıb.

Fərdi yaşayış evləri Bülbülə gölünün sahilində yerləşir və bu günədək burada torpaq kütlələrinin uçqunu halları müşahidə olunmayıb. Coğrafiya İnstitutunun “Geomorfologiya və paleocoğrafiya” laboratoriyasının əməkdaşları tərəfindən ərazidə aparılan monitorinq nəticəsində müəyyən edilib ki, 2026-cı il martın 27–28-i və aprelin 5–6-da Abşeron yarımadasında müşahidə olunan intensiv atmosfer yağıntıları nəticəsində mişar daşlarından tikilmiş divar torpaq kütlələrinin təzyiqinə davam gətirməyərək fərdi tikilinin üzərinə uçub və onun dağılmasına səbəb olub.

Bu ərazidə gil tərkibli elüvial-delüvial çöküntülər geniş yayılıb. Yamaclar üzrə axan suların təsiri nəticəsində bu süxurlarda çatlılıq yaranır, tarazlıq itir və sonradan torpaq uçqunları inkişaf edir.

Aparılan monitorinq bir sıra fərdi tikililərin divarlarında çatların əmələ gəldiyini də üzə çıxarıb.