AR ETN Coğrafiya İnstitutunun Elmi Şurasının növbəti  iclası keçirilib 2026-03-19 13:38:00 / ELMİ İCLASLAR

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclas institutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmraninin sədrliyi ilə baş tutub.

İclasın əvvəlində Zaur İmrani aqrar elmlər sahəsində tanınmış alim, aqrar elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Amin İsmayılovun anadan olmasının 75 illiyi münasibətilə onu institut kollektivi adından təbrik edib, alimin ölkədə aqrar elmin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib və ona gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq bir sıra elmi və təşkilati məsələlər müzakirə olunub. Coğrafiya elmləri doktoru, professor Rza Mahmudov “Azərbaycan ərazisinin hidroqrafik xüsusiyyətləri” adlı kitabı barədə çıxış edərək nəşrin əsas elmi nəticələri haqqında məlumat verib və kitabın plagiat yoxlamasından keçdiyini təsdiqləyən sənədi təqdim edib.

Ardınca coğrafiya üzrə fəlsəfə doktoru Şamil Əzizov “Coğrafi kartoqrafiyada xəritə fenomeni. Seçilmiş əsərlər” kitabını təqdim edib, xəritənin nəzəri və metodoloji əsaslarından bəhs edib.

İclasda coğrafiya üzrə fəlsəfə doktoru,dosent Səidə  Zeynalova və coğrafiya elmləri doktoru, dosent Mirnuh İsmayılov “Bakı aqlomerasiyasında urbanizasiya və təbii landşaftların transformasiyası” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzə “Şəhərsalma və memarlıq” dövlət proqramı çərçivəsində təqdim olunub və Bakı aqlomerasiyasının sahilyanı ərazilərində mövcud ekoloji problemlər geniş şəkildə təhlil edilib.

Fizika üzrə fəlsəfə doktoru Elman Yusifov isə “İqlim dəyişmələri fonunda Böyük Qafqazın yüksək dağlıq landşaftları florası və endemizmi” mövzusunda məruzə edərək iqlim dəyişikliklərinin flora müxtəlifliyinə təsirini, endemik növlərin vəziyyətini və nadir bitkilərin yayılma arealının daralmasını diqqətə çatdırıb. O, yüksək dağlıq ekosistemlərin qorunmasının vacibliyini xüsusi vurğulayıb.

İclasda həmçinin “Geomorfologiya və Paleocoğrafiya” laboratoriyasının böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Abuşovanın dosentlik elmi adını almaq üçün sənədlərinə baxılıb. Müzakirələrdən sonra keçirilən gizli səsvermədə 25 üzvdən 24-ü lehinə, 1-i əleyhinə səs verib.

Səsvermənin nəticəsinə əsasən, Samirə Abuşovanın dosentlik elmi adının verilməsi ilə bağlı sənədlərin Ali Attestasiya Komissiyasına təqdim olunması barədə qərar qəbul edilib.