AR ETN Coğrafiya İnstitutunda elmi seminar keçirilib 2026-03-11 15:17:00 / ELMİ İCLASLAR

      Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunda növbəti elmi seminar təşkil olunub. Seminar coğrafiya elmləri doktoru Nəriman Paşayevin sədrliyi ilə keçirilib. Seminarda institutun doktorantları öz elmi tədqiqat mövzuları üzrə məruzələrlə çıxış ediblər.

        Doktorant Narxanım Kamilova “Abşeron yarımadasında tikinti materialları istehsalının geoekoloji şəraitə təsirinin öyrənilməsi və ətraf mühitə təsirinin azaldılması istiqamətində təkliflərin verilməsi” mövzusunda təqdimat edib. Məruzədə yarımadada tikinti materialları istehsalının ekoloji mühitə təsiri, mövcud problemlər və onların aradan qaldırılması üçün mümkün elmi yanaşmalar barədə məlumat verilib.

    Doktorant Firuzə Ağayeva isə “Ekocoğrafi vəziyyətin qiymətləndirilməsində Coğrafi İnformasiya Sistemlərinin rolu: Böyük Qafqazın cənub yamacının nümunəsində” mövzusunda çıxış edib. Çıxış zamanı tədqiqatın məqsədi, istifadə olunan metodlar və Böyük Qafqazın cənub yamacında ekocoğrafi vəziyyətin qiymətləndirilməsində coğrafi informasiya sistemlərinin tətbiqi imkanları barədə məlumat verilib.Həmçinin aparılan tədqiqatın ilkin nəticələri seminar iştirakçılarının diqqətinə çatdırılıb. Doktorant Namin Eminov “Şirvan-Salyan iqtisadi rayonunda təsərrüfatın ərazi təşkili və strukturunun müasir vəziyyəti” mövzusunda məruzə ilə çıxış edərək təsərrüfat sahələrinin yerləşməsi və mövcud struktur barədə məlumat verib.

      Məruzələr ətrafında institutun alimləri tərəfindən müzakirələr aparılıb, doktorantlara mövzularla bağlı suallar ünvanlanıb və elmi tövsiyələr verilib. Seminar iştirakçıları tədqiqatların aktuallığını qeyd edərək onların gələcək elmi araşdırmalar və praktik tətbiqlər baxımından əhəmiyyətini vurğulayıblar.