AR ETN Coğrafiya İnstitutunun əməkdaşı Gürcüstanda transsərhəd su diplomatiyası seminarında ekspert kimi iştirak edib 2026-02-13 10:54:00 / TƏDBİRLƏR

      05-06 fevral 2026-cı il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində “Transsərhəd Su Əməkdaşlığı və Sülhyaratma” mövzusunda seminar keçirilmişdir. Tədbir “UN Women Georgia” tərəfindən “Women in Water Diplomacy Network” çərçivəsində təşkil olunmuşdur. Seminarda regionun elmi və peşəkar təşkilatlarını təmsil edən müxtəlif ölkələrdən ekspertlər iştirak etmişlər. Tədbir Böyük Britaniyanın “Foreign, Commonwealth & Development Office” tərəfindən maliyyələşdirilmişdir.

      Seminarda Coğrafiya İnstitutunu “Geoməkan Analitikası və Kartoqrafiya” laboratoriyasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Natavan Cəfərova ekspert qismində təmsil etmişdir. Görüş zamanı iştirakçılar, transsərhəd su ehtiyatlarının idarə olunmasında sülhyaratma mexanizmi kimi genderə həssas regional əməkdaşlığın formalaşdırılması istiqamətində ortaq bir baxışın inkişaf etdirilməsi üzrə müzakirələr aparmışlar. Xüsusilə, genderə həssas münaqişə təhlilinin nəticələrinə və beynəlxalq su diplomatiyası prinsiplərinə əsaslanan konkret təşəbbüslərin hazırlanmasına diqqət yetirilmişdir.

        Görüşün yekununda transsərhəd su idarəçiliyi sahəsində birgə elmi təşəbbüslər, məlumat mübadiləsi və layihə təkliflərinin hazırlanması daxil olmaqla, gələcək regional əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Seminarda iştirak, Coğrafiya İnstitutunun elmi potensialının beynəlxalq səviyyədə bir daha tanındığını təsdiqləmiş və İnstitutun Cənubi Qafqaz regionunda davamlı inkişaf və su diplomatiyası sahəsində fəaliyyət imkanlarını genişləndirdiyini göstərmişdir.