
04 fevral tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclas İnstitutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani sədrliyi ilə keçirilib.
İclasda gündəlikdəki məsələlər barədə Elmi Şura üzvlərinə ətraflı məlumat verilib və müzakirələr aparılıb. İlk olaraq “Geosiyasət və iqtisadi coğrafiya” laboratoriyasının müdiri Nəriman Paşayev “Yaşıl iqtisadiyyatın şəhər təsərrüfatına təsirinin coğrafi aspektləri” mövzusunda çıxış edib və təqdimatını Elmi Şura üzvlərinə təqdim edib.
İclas çərçivəsində Coğrafi ekologiya laboratoriyasının müdiri, c.ü.f.d. Ənvər Əliyevin 75 illik yubileyi münasibətilə təbrik mərasimi də keçirilib. Zaur İmrani və institutun kollektivi yubilyarı səmimi şəkildə təbrik edərək ona elmi fəaliyyətində uğurlar arzulayıblar.
Bundan əlavə, laboratoriyaların 2026–2027-ci illər üzrə yeni elmi mövzuları müzakirə edilərək 21 mövzu təsdiq olunub. Həmçinin “Geosiyasət və iqtisadi coğrafiya” laboratoriyasının böyük elmi işçisi Natiq Babayevin dosent elmi adını almaq üçün sənədləri Elmi Şura üzvlərinə təqdim edilib. Qərara alınıb ki, sənədlər Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq dosent elmi adının alınması üçün təqdim edilsin.