
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda 2 Fevral – Gənclər Günü münasibətilə təntənəli tədbir təşkil olunub.
Tədbiri açan İnstitutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani çıxışında institut gənclərini ürəkdən təbrik edib, onların fəaliyyətinə uğurlar arzulayıb. Zaur İmrani həmçinin ölkədə uğurla həyata keçirilən gənclər siyasətindən, gənclərin hərtərəfli inkişafı üçün yaradılan imkanlardan danışıb və gənclərin elmi, sosial və mədəni fəaliyyətlərində fəal olmalarının vacibliyini qeyd edib.
Sonra c.ü.f.d. Ənvər Əliyev çıxış edərək, müasir dövrdə gənclərin qarşılaşdığı problemləri diqqətə çatdırıb, onların həlli yolları və gənclərin cəmiyyətin inkişafında rolunu geniş şərh edib. O, xüsusilə gənclərin elmi fəaliyyətlərdə aktiv iştirakı və biliklərinin inkişaf etdirilməsinin önəmini vurğulayıb.
Tədbirdə İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nazim Gəraylı çıxış edərək, gənclərin inkişafı üçün imzalanan fərmanlar, sərəncamlar və qəbul edilən qanunların gələcək uğurlar üçün möhkəm zəmin yaratdığını qeyd edib. O, gənclərin peşəkar və elmi fəaliyyətlərinə göstərilən dövlət dəstəyinin əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbirdə institutun gəncləri – c.ü.f.d. Bəyimxanım Hüseynova, c.ü.f.d. Turanə Hüseynova və Tərlan Yelmarlı çıxış edərək həmkarlarını təbrik edib, onlara elmi fəaliyyətlərində yeni uğurlar arzulayıblar. Çıxışçılar həmçinin Gənclər Gününün Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının parlaq nümunəsi olduğunu vurğulayıblar və dövlət dəstəyinin gənclərin elmi fəaliyyətində motivasiyaedici rol oynadığını qeyd ediblər.
Tədbir çərçivəsində institutun elmi-ictimai fəaliyyətində fərqlənən bir gənclər təşəkkürnamə ilə təltif olunub. Təltif olunan gənclərin uğurları və institutun elmi mühitinə verdikləri töhfələr tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.