
22 yanvar tarixində AR ETN Coğrafiya İnstitutu PHŞ-nin “Əhali coğrafiyası” laboratoriyasının elmi işçisi c.ü.f.d. Bəyimxanım Hüseynova və “Turizm və rekreasiya coğrafiyası” laboratoriyasının elmi işçisi c.ü.f.d. Turanə Hüseynova Milli Aviasiya Akademiyasının Gənc Alim və Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə iştirak ediblər.
Əsas məqsədi gənc alim və tədqiqatçıların akademik yazı və elmi təqdimat bacarıqlarının artırılması və fikir mübadiləsinin gücləndirilməsinə həsr olunmuş tədbirdə c.ü.f.d. Bəyimxanım Hüseynova “Elmi kommunikasiya bacarıqları” mövzusunda məruzə edib. Məruzədə sahə tədqiqatlarının aparılması üsulları, sahə tədqiqatlarından əldə olunan məlumatların akademik yazıya əlavə edilməsi, elmi məqalə, konfrans materialları və tezislərin yazılması qaydaları, eyni zamanda, elmi məqsədli təqdimatların hazırlanması və digər bənzər məsələlər barədə geniş məlumat verilib. Tədbirdə gənclərin elmi tədqiqat işlərinin həm yerli, həm də xarici jurnallar və konfranslarda nəşri prosesində qarşılaşdıqları problemlər, onların aradan qaldırılması, elmmetrik bazalarda ölkənin nüfuzunun artırılması ilə bağlı MAA-nın əməkdaşı i.ü.f.d., dos. Fuad Mirzəyevin və MAA-nın Gənc Alim və Tədqiqatçılar Şurasının sədri c.ü.f.d. Camal Hüseynovun rəhbərliyi ilə fikir mübadiləsi aparılıb və tədqiqatçıların sualları cavablandırılıb. Tədbirin sonunda gənc tədqiqatçılar tərəfindən nəşr olunan işlərin keyfiyyətinin artırılması və ölkəni elmi-tədqiqat müstəvisində təmsil edən gənclərin tədqiqat bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində məsələlər müzakirə olunub.