Demoqraf alim BDU-da demoqrafik mövzuda məruzə edib 2025-12-11 14:05:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri c.ü.f.d. Etibar Bədəlov Bakı Dövlət Universitetində “Azərbaycan şəhərlərinin davamlı sosial-iqtisadi və demoqrafik inkişaf xüsusiyyətləri” mövzusunda keçirilən elmi seminarda məruzə ilə  çıxış edib.

Tədbir BDU-nun Coğrafiya fakültəsinin rəhbərliyi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 2026-cı ildə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü  sessiyası (WUF13) ərəfəsində baş tutub.

Demoqraf alim şəhərlərin sosial və iqtisadi tərəqqisini müəyyən edən əsas amillərin elmi-nəzəri izahını verərək, ölkənin şəhər məkanında baş verən demoqrafik dəyişikliklər barədə məlumat təqdim edib. Çıxış zamanı urbanizasiyanın inkişaf meylləri, şəhər mühitinin üzərinə düşən ekoloji yük, həmçinin miqrasiya proseslərinin şəhər infrastrukturu üçün yaratdığı çağırışlar konkret faktlar və statistika əsasında şərh olunub. Etibar Bədəlov qeyd edib ki, davamlı inkişafın təmin olunması təkcə iqtisadi göstəricilərlə məhdudlaşmır, sosial rifahın artırılması, ekoloji balansın qorunması və şəhər məkanının çevik idarəetmə prinsipləri ilə birgə həyata keçirilir.

Məruzəçiyə verilən suallar cavablandırılıb, şəhərsalma proseslərinin gələcək perspektivləri müzakirə edilib.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025