Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib 2025-12-10 13:24:00 / TƏDBİRLƏR

AR ETN-in Coğrafiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Coğrafiya İnstitutunun dəvəti ilə görkəmli ictima-siyasi və dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənov iştirak edib.

Bir dəqiqəlik sükutla böyük öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib.

İnstitutun direktor v.i.e. c.ü.f.d. dosent Zaur İmrani çıxış edərək bildirib ki, 12 dekabr tarixi bizim üçün azərbaycanlıların taleyində dönüş yaradan bir şəxsiyyətin xatirəsinin şərəflə yad edildiyi gündür. Xalqımız hər il dahi şəxsiyyət Heydər  Əliyevin anım gününü böyük ehtiram və el məhəbbəti ilə qeyd edir. O öz həyatını xalqın rifahına, dövlətimizin inkişafına həsr etdi. Elmimizdəki, mədəniyyətimizdəki, iqtisadiyyatımızdakı bu günkü uğurlarımızın bir çoxu onun adı ilə bağlıdır. Heydər Əliyevin dəfninə yüz minlərlə insanın, eləcə də bir sıra dövlət başçıları və dövlət xadimlərinin iştirakı onun böyüklüyünün və nüfuzunun göstəricisi idi.

Heydər Əliyevin irsi dövlətçilik mədəniyyəti, vətənə xidmət, milli maraqların qorunması deməkdir. Onun özünün dediyi kimi, “Azərbaycan mənim ürəyimdir”, – biz də bu ideya ilə yaşayır, çalışır və gələcək nəsillərə örnək olmağa çalışırıq.

İnstitut rəhbəri nitqinin sonunda sözü çıxış üçün dahi Heydər Əliyevlə birgə işləmiş, Azərbaycan dövlətinin formalaşması dövründə mühüm rol oynamış keçmiş xarici işlər naziri, tanınmış diplomat, tarixçi-alim Həsən Həsənova verib.

Dəvət üçün İnstitut rəhbərliyinə təşəkkürünü bildirən Həsən Həsənov Heydər Əliyevlə bağlı xatirəlini yad edərək, onun Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən, elm, mədəniyyət, ordu quruculuğuna  sərf etdiyi əməyindən  danışıb.

O qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatı və sənaye sahələrində geriliklər aradan qaldırılıb, islahatlar nəticəsində böyük dəyişikliklər baş verib.

 Bildirilib ki, Heydər Əliyev Azərbaycan dilinin tədrisinə xüsusi önəm verib, müəllimlərin və çoxuşaqlı kənd ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb.

Ulu Öndər  nöqsan və çatışmazlıqlara qarşı barışmaz və tələbkar olub. O eyni zamanda mövcud çətinliklərə baxmayaraq Sovet dövründə Azərbaycanın milli-dövlətçilik hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atmış Nəriman Nərimanovun adının yalnız yazıçı-dramaturq kimi deyil, həm də ictimai-siyasi və dövlət xadimi kimi bərpa olunmasına nail ola bilib.

Çıxışının sonunda verilən sualları cavablandıran keçmiş nazir müəllifi olduğu “Azərbaycanın tarixi coğrafi atlası” ikicildliyini Coğrafiya İnstitutuna ərməğan edib.

Sonra Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasəti ilə bağlı qısametrajlı sənədli film nümayiş etdirilib.

Daha sonra tədbir iştirakçıları Ulu Öndərin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyublar.

 

 

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025