
AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda görkəmli kimyaçı-alim, Dövlət mükafatı laureatı, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd edilib.
İclasa sədrlik edən Təhsil şöbəsinin müdiri c.ü.f.d. Müseyib Yunusov diqqətə çatdırıb ki, bugünkü tədbir Prezident İlham Əliyevin “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilir. O bildirib ki, xalqımız görkəmli, dəyərli, elmdə öz sözünü demiş, nailiyyətləri ilə ölkəmizi dünyada tanıdan belə alimləri yad etməli, gələcək nəslə örnək olaraq tanıtmalıdır.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nazim Gəraylı “Azərbaycan neft kimyasının banisi: Yusif Məmmədəliyevin 120 illik elmi irsinə baxış” mövzusunda təqdimatla çıxış edib. Alimin həyat və yaradıcılığı haqqında məlumat verən şura sədri bildirib ki, Azərbaycanda neft kimyasının əsasını qoymuş görkəmli alimin rəhbərliyi ilə ölkədə kimya sənayesinin elmi bazası möhkəmləndirilib, yeni elmi institutlar və laboratoriyalar yaradılıb. O həmçinin çoxsaylı gənc tədqiqatçıların elmi rəhbəri olub ki, onlardan bir çoxu sonradan tanınmış kimyaçılar kimi yetişib.
N.Gəraylı həmçiin bildirib ki, Yusif Məmmədəliyevin Azərbaycanın neft yataqları üzərindəki araşdırmaları geokimya və neft coğrafiyası üçün mühüm məlumat bazası yaradıb. Onun kimyəvi tədqiqatları coğrafiya elminin “təbii resursların məkan paylanması və istifadəsi” istiqamətinə birbaşa elmi dayaq oldu.
Alimin elmi işləri neftin və qazın daha səmərəli emalını, yüksək məhsuldarlıqla enerji əldə etməyi mümkün etdi. Bu isə sənaye coğrafiyası və resurs coğrafiyası baxımından böyük əhəmiyyət daşıyır. Çünki Məmmədəliyevin yaratdığı texnologiyalar sayəsində Azərbaycanın sənaye xəritəsində Sumqayıt, Bakı və Qaradağ kimi neft-kimya mərkəzləri formalaşdı. Beləliklə, onun elmi irsi Azərbaycanın iqtisadi-coğrafi məkan strukturunu dəyişdirdi.