
AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, c.ü.f.d. Rövşən Kərimovun ETN Radiasiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor İslam Mustafayevlə həmmüəllif olduğu “İqlim dəyişmələrinin yumşaldılması və alternativ energetika” adlı maarifləndirici kitabçası nəşr olunub.
Kitabça AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən və “Rüzgar” Ekoloji İctimai Birliyi tərəfindən icra edilən “Azərbaycanda iqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya tədbirlərinə dair məlumatlandırma” adlı layihə çərçivəsində işıq üzü görüb.
Səkkiz bölmədən ibarət kitabça istilik effekti yaradan qazların emissiyası, Azərbaycanda iqlim dəyişmələri ilə bağlı mövcud vəziyyət, alternativ enerji mənbələrinin potensialı, yaşıl iqtisadiyyat və azkarbonlu texnologiyalara keçid, Azərbaycanın alternativ enerji mənbələrinin potensialı və istifadə perspektivləri, enerji effektivliyi, karbon emissiyaları, alternativ energetika sahəsində xarici ölkələrin təcrübəsi kimi məsələlərə həsr olunub.