AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Baş direktor v.i.e. coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış etdikdən sonra Gürcüstanda keçirilən geomorfoloqların 8-ci Beynəlxalq konfransı haqqında məlumat verib. Bildirilib ki, həmin tədbir zamanı Gürcüstanın Coğrafiya Cəmiyyəti ilə Azərbaycanın Coğrafiya Cəmiyyəti və Coğrafiya İnstitutu arasında əməkdaşlıq haqqında memorandun imzalanması barədə razılıq alınıb.
Geomorfologiya və təbii risklər şöbəsinin müdiri c.e.d. Stara Tarixazər sözü gedən konfransdakı iştirakı və məruzəsi barədə çıxış edib. O qeyd edib ki, Gürcüstanın Geologiya muzeyinın rəhbərliyi Coğrafiya İnstitutu ilə əməkdaşlıq barədə memorandun imzalaması və bunu ACİ-nin 80 illik yubiley zamanı Bakıda həyata keçirilməsi haqqında təklif irəli sürüb.
Sonra Cİ-nin 80, şöbənin 75 illiyi münasibəti ilə şöbə müdiri Stara Tarixazərin hazırladığı “Azərbaycan elmində Azərbaycan geomorfoloqları” monoqrafiyası haqqında məlumatı dinlənilib və kitabın çapa təqdim edilməsi barəsində yekdilliklə qərar qəbul edilib.
İclasda həmçinin 15-16 noyabr tarixlərində keçiriləcək IV Beynəlxalq elmi-praktik konfransa hazırlığın vəziyyəti, aparıcı elmi işçi c.ü.f.d. Samirə Abuşovanın “Kiçik Qafqazın ekogeomorfoloji şəraiti” kitabına rəy verilməsi, əməkdaşların işə davamiyyəti və s. məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.
Coğrafi fikir tarixi və toponimika şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayevə dosent elmi adı verilməsi məsələsinə baxılıb və şura üzvləri tərəfindən bu haqda müsbət qərar qəbul edilib.