Almaniyanın Yustus Libix Gissen Universitetinin təcrübə keçmək üçün 1 ay müddətinə Azərbaycana - Coğrafiya İnstitutuna ezam edilmiş tələbələri Abşeronun Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu və Qobustan Milli Tarixi-Bədii Qoruğuna səfər ediblər.
ETN akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin elmi işçisi c.ü.f.d. Bəyimxanım Hüseynovanın müşayiəti ilə baş tutan səfər hər iki elmi müəssisə arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən təşkil edilib.
Ziyarətçilər Azərbaycanın ən böyük vulkanı olan Torağay palçıq vulkanı və qoruq ərazisində yerləşən aktiv kiçik palçıq vulkanları ilə tanış olaraq onların tarixi, tərkibi, müalicə turizmi məqsədilə istifadəsi haqqında ətraflı məlumat toplayıblar.
B.Hüseynovanın müşayiəti ilə Azərbaycanın şimal-qərb zonasına səfər edən tələbələr təcrübə proqramının davamı olaraq Qəbələ rayonunun Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi, Yeddi gözəl şəlaləsi, Durca kəndi, Vəndam qəsəbəsi, Cümə məscidi, Qəbələ Tarix-Diyarşünaslıq muzeyi və digər yerlərində olublar.
Proqramın növbəti günündə tələbələr Şəki rayonunda Xan Sarayı, Cümə məscidi, Aşağı və Yuxarı Karvansaray, Kiş Alban məbədi və başqa əraziləri ziyarət ediblər.
Səfərin son günü İsmayıllı və qismən də Qəbələ rayonu ərazisində yerləşən İsmayıllı Dövlət Təbiət Yasaqlığına ekskursiya ilə yekunlaşıb.
Xarici tələbələr səfər etdikləri ərazilər haqqında zəngin materiallar toplayaraq onları sistemləşdirıblər.