İlk olaraq azərbaycanlı coğrafiyaçı alim “Sel assosiasiyasi”nın medalı ilə təltif edilib 2025-10-13 15:40:00 / MÜHÜM HADİSƏLƏR

Sel hadisələri dünya ölkələri üçün ən aktual ekoloji və sosial-iqtisadi problemlərdən biridir. Azərbaycan da sel təhlükəli regionlar sırasına daxildir. Sel hadisələrinin qarşısının alınması və fəsadlarının azaldılması istiqamətində müxtəlif ölkələrin mütəxəssisləri ilə əməkdaşlıq “Sel Assosiasiyası” (Debris Flow Association) çərçivəsində həyata keçirilir. 2005-ci ildə Rusiya Federasiyasının Pyatiqorsk şəhərində yaradılmış bu təşkilat bu il 20 illik yubileyini qeyd edib. Hazırda 23 ölkədən 160-dan çox eksperti birləşdirən bu assosiasiya  sel və onlardan qorunma üzrə dünyanın ən böyük mütəxəssislər birliyidir.

Azərbaycanı bu təşkilatda ETN akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – Geomorfologiya və təbii risklər şöbəsinin müdiri coğrafiya elmləri doktoru, dosent, Stara  Tariхazər və coğrafiya üzrə fəlsəfə doktoru, dosent,  İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi Həsən Nəbiyev təmsil edirlər.

6-10 oktyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində “Sel axınları: fəlakətlər, risk, proqnoz, mühafizə” mövzusunda 8-ci Beynəlxalq Konfrans keçirilib. Konfransda Coğrafiya İnstitutunun baş direktoru v.i.e. coğrafiya üzrə fəlsəfə doktoru, dosent, Zaur İmrani,  şöbə müdiri Stara Tarixazər  və Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru, dosent Sevil Quliyeva  iştirak ediblər.

Konfrans sel axınlarının qlobal və regional təhlili, son illərin sel fəlakətləri, sel riski və proqnozlaşdırılması, modelləşdirmə, buzlaq göllərinin sel təhlükəsi, buz-su-daş axınları, seldən mühafizə tədbirləri, sellərin proqnozlaşdırılmasına dair və sel axınının qarşısının alınması üzrə normativ sənədlər,  daşqın əleyhinə qurğuların layihələndirilməsi kimi məsələlərin müzakirəsinə həsr olunub.

Konfransın açılışında Stara Tariхazər həmmüəllif olduğu “Uzaqdan zondlama məlumatları əsasında Qudyalçay hövzəsinin selə meyillilik zonalarının müəyyənləşdirilməsi və sel riskinin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib .

“Sel Assosiasiyası” ənənəvi olaraq selşünaslıq sahəsində görkəmli xidmətləri olan alimləri S.M. Fleyşman adına medalla təltif edir. 20 illik fəaliyyəti ərzində Assosiasiya tərəfindən 35 alim bu mükafata layiq görülüb.

8-ci Beynəlxalq Konfransın bağlanış mərasimində Azərbaycandan  ilk dəfə olaraq  coğrafiyaçı alim Stara Tariхazər selşünaslıq sahəsində nailiyyətlərinə və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə bu nüfuzlu medalla  təltif edilib. Mükafatı “Selya Assosiasiyası”nın prezidenti, coğrafiya üzrə fəlsəfə doktoru Sergey Semenoviç Çernomorets və Gürcüstan Milli Elmlər Akademiyasının akademiki Givi Valerianoviç Gavardaşvili təqdim ediblər.

Bu uğur Azərbaycan elminin beynəlxalq miqyasda tanınmasının və ölkəmizin iqlim və ekoloji təhlükəsizlik sahəsində fəal mövqeyinin növbəti sübutudur.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025