Elmi işçilərin nəzərinə! 2025-10-10 16:44:00 / MÜHÜM HADİSƏLƏR

Elm və Təhsil Nazirliyi (ETN) və Böyük Britaniyanın nüfuzlu Kembric Universitetinin “Cambridge University Press” nəşriyyatı arasında əldə edilmiş razılığa əsasən, Azərbaycanın elmi və ali təhsil müəssisələrində fəaliyyət göstərən bütün müəlliflər növbəti 3 il ərzində “Cambridge Press” tərəfindən nəşr edilən 422 yüksək impakt faktorlu, hibrid və “gold” açıq əlyetərli (Open Access) jurnallarda limitsiz sayda məqalə dərc etmək imkanı əldə etmişdir.

 “Web of Science” və “Scopus”da indekslənən bu “Open Access” jurnallarda bir məqalə dərcinin qiyməti (Article Processing Charge) minlərlə manat dəyərində ölçülür. Lakin, sözügedən razılıq əsasında alimlər bu ödənişi etmədən öz məqalələrini Kembric Universiteti nəşriyyatının jurnallarında dərc edə bilər. Razılaşma, eyni zamanda ölkənin 140 elmi və ali təhsil müəssisəsinə “Cambridge Press” nəşriyyatının jurnallarından müddətsiz istifədə imkanı təqdim edir. Müqavilə müddətində yeni yaradılacaq müəssisələr də bu siyahıya daxil edilərək nəşr və istifadə imkanı əldə edəcəklər.

 Qeyd edək ki, bu müqavilə ölkədə “Transformativ / Read & Publish” metodu bağlanmış ilk müqavilədir.

 Xidmətdən istifadə etmək istəyən müəlliflər, “Cambridge Core” (https://www.cambridge.org/core/journals) platformasına daxil olaraq müvafiq qaydada yararlana bilərlər. Jurnalların siyahısı əlavədə təqdim olunur.

 Təqdim edilən siyahıda mövzusuna uyğun jurnal tapa bilməyən müəlliflər, məqaləsinin başlığını, xülasəsini və açar sözlərini [email protected] email ünvanına göndərə bilərlər.

 
 

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025