AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda AMEA Azad Həmkarlar İttifaqının sədri, iqtisadiyyat üzrə elmlər doktoru, professor İsa Alıyevin institut əməkdaşları ilə görüşü keçirildi.
Tədbiri giriş sözü ilə açan Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov əməkdaşların elmi və ictimai həyatında həmkarlar ittifaqının rolundan danışdı və belə görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd etdi.
Sonra Həmkarlar İttifaqı Komitəsinin sədri, c.ü.f.d. Habil Haqverdiyev İnstitutun həmkarlar komitəsinin vəzifələri və mövcud problemlərin həlli yolları haqqında geniş məlumat verdi. İşçilərin elmi-tədqiqat işlərinin və mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində əməkdaşların sosial təminatının yüksəlməsi, həyat şəraitinin yaxşılaşdırılması məsələlərindən söhbət açdı.
AMEA AHİ-nin sədri İsa Alıyev Həmkarlar İttifaqının qarşısında duran vəzifələr haqqında məlumat verdi. O, AMEA işçilərinin əmək şəraitinin yaxşılaşdırılması, asudə vaxtının təşkili, sağlamlığının mühafizəsi məqsədilə nəzərdə tutulan tədbirlər haqqında məlumat verdi, əməkdaşların məişət şəraitinin yaxşılaşdırılması üçün bəzi tədbirlərin görüləcəyini bildirdi.
Tədbirdə iştirak edən AMEA AHİ-nin sədr müavini Səyyar Abdullayev də sədrlə birgə institut işçilərini maraqlandıran suallara cavab verdi.
AMEA AHİ Rəyasət heyətinin üzvü, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov da görüşdə iştirak edirdi.