AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - Coğrafi fikir tarixi və toponimika şöbəsinin böyük elmi işçisi c.ü.f.d. Natiq Babayev və “Geoinformatika və kartoqrafiya” şöbəsinin kiçik elmi işçisi Nazim Gəraylı Ağdam rayonu ərazisində elmi-tədqiqat işləri həyata keçiriblər.
Tədqiqat işləri “Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və Laçın rayonlarının materialları əsasında)” toponimlərinin tədqiqi çərçivəsində həyata keçirilib.
İnstitut əməkdaşları Ağdam rayonu ərazisində toponimlərin öyrənilməsi, onların tarixi-coğrafi mənşəyi və bərpası baxımından sahə müşahidələri və ilkin məlumatların toplanması istiqamətində əhəmiyyətli işlər aparıblar.
Səfər zamanı tədqiqatçıları müşayiət edən “Arxiv TV – Qarabağ” YouTube kanalının rəhbəri Şakir Məmmədov aparılan elmi fəaliyyəti izləyərək ərazi üzrə çəkilişlər həyata keçirib. Həmin materiallar sonradan sözügedən kanalda ictimaiyyətin diqqətinə təqdim edilib.
Bu cür elmi səfərlər işğaldan azad edilmiş ərazilərdə tarixi toponimlərin bərpası, onların sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.