AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda 27 sentyabr - Anım Günü münasibəti ilə tədbir keçirilib.
İclasa sədrlik edən İnstitut Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı bu günkü tədbirin Azərbaycan tarixinin ən şanlı günü – Anım gününə həsr edildiyini elan etdikdən sonra Vətən uğrunda həlak olmuş igid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra iclas iştirakçıları İnstitut əməkdaşı Həlimə Əhmədzadənin Anım Günü münasibətilə hazırladığı videoçarxa tamaşa ediblər.
HİK sədri K.Ramazanlı Respublika Prezidentinin Sərəncamı ilə hər il sentyabrın 27-sinin şəhidlərin ruhuna hörmət əlaməti olaraq ölkəmizin hər yerində qeyd edildiyini xatırladıb. O söyləyib ki, Anım Günü Azərbaycan xalqının milli birliyinin, Vətən sevgisinin və azadlıq iradəsinin rəmzidir. Hər il ölkənin bütün bölgələrində şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, onların ruhuna dualar oxunur, qələbəyə aparan yolun əsasını qoyan qəhrəmanların igidlikləri gənc nəslə örnək kimi təqdim olunur. Bu gün biz şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyərək, onların canı bahasına qazanılmış Qələbənin məsuliyyətini daşıyırıq. Xalqımız şəhidlərin ruhunu daim yaşadacaq, onların qoyduğu yolla gələcək nəsilləri Vətənə sədaqət və qəhrəmanlıq ruhunda böyüdəcək. Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı torpaq, Vətən və azadlıq anlayışlarını ən ali dəyərlər kimi qoruyur. Şəhidlərimizin ruhu bu gün azad Qarabağın səmasında dalğalanan üçrəngli bayraqda, azad torpaqlarımızda qurulan yeni həyatda yaşayır.
Baş menecer Həmdulla Əliyev, şöbə müdiri a.ü.f.d. Ənvər Əliyev və c.ü.f.d. Ziyafət Ağayev çıxış edərək bildiriblər ki, Anım Günü bizə həm kədəri, həm də qüruru xatırladır. Bu gün hər bir azərbaycanlı şəhidlərin ruhu qarşısında baş əyir və onların mirasını qorumağı özünə borc bilir. Bu tarixdə biz torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizi dərin minnətdarlıqla anırıq. Onların fədakarlığı sayəsində Vətənimiz öz ləyaqətini və tarixi ədaləti bərpa etdi.