“Növbəli əkin sistemində dinamik torpaq prosesləri” adlı kitab dərc edilib 2025-07-07 15:39:00 / YENİ NƏŞRLƏR

AR ETN  akademik H.Əliyev adına Coğrafiya İnstitutunun  “Növbəli əkin sistemində dinamik torpaq prosesləri (Azərbaycan Respublikasının Muğan düzü timsalında)” adlı yeni nəşri işıq üzü görüb.

FDBEM,  Rusiya EA-nın Sibir Bölməsinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Coğrafiya İnstitutunun Elmi şuralarının qərarı ilə RF-nın Novosibirsk şəhərində çap edilən monoqrafiyanın müəllifləri Cİ-nin şöbə müdiri, aqrar üzrə elmlər doktorları Çingiz Gülalıyev və Səməndər Köçərlidir.

 Monoqrafiyada Azərbaycanın arid ərazilərində torpaq ehtiyatlarından səmərəli istifadənin elmi əsaslarının işlənib hazırlanmasına dair çoxillik tədqiqatların nəticələri təqdim edilir. Kitabda müxtəlif növbəli əkin sahələrində torpaq proseslərinin dinamikasının, torpaqların elektrofiziki, hidrofiziki və aqrofiziki xassələrinin vəziyyətinin qiymətləndirilməsi üçün müasir yanaşma və üsullar araşdırılır.

Torpaqların kimyəvi və fiziki xassələrinin vəziyyətinin, torpaq proseslərinin dinamikasının, su-istilik balansının müəyyən edilməsi üzrə tədqiqatların nəticələri, eləcə də torpaqların aqrofiziki xassələrinə görə aqrosənaye qruplaşmasının qiymətləndirilməsi verilir.

Kitab torpaqşünaslıq sahəsində elmi-tədqiqat institutlarında və ali məktəblərdə təhsil alan tələbələr və doktorantlar, eləcə də tədqiqatçı-torpaqşünaslar, ekoloqlar və ətraf mühitin mühafizəsi sahəsində çalışan, arid zonalarda təbii ehtiyatlardan istifadə (fermerlər, təbiət idarəçiləri və s.) və digər mütəxəssislər üçün faydalı vəsait ola bilər.