Baş direktor v.i.e dosent Zaur İmraninin sədrliyi ilə AR ETN-nin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurasının iclası olub.
Sənədlərlə iş şöbəsinin mütəxəssisi Həlimə Əhmədzadə xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə şairin həyat və yaradıcılığı barədə məruzə ilə çıxış edib. Məruzəçi çıxışında şairin təkcə poetik yaradıcılığı deyil, eyni zamanda onun elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti, nəşr etdirdiyi elmi, elmi-publisist məqalələri, monoqrafiyaları və digər kitabları haqqında da geniş məlumat verib.
Sonra coğrafiya elmləri doktoru, dosent Starə Tarixazər çapa hazırladığı «Современное понятие основ физической географии» monoqrafiyasının ikinci nəşri və şöbə müdiri, coğrafiya elmləri doktoru dosent Nəriman Paşayev ilk dəfə “Yaşıl və mavi (göy) iqtisadiyyatın planlaşdırılması və idarə olunmasının problemləri” mövzusunda işıq üzü görəcək monoqrafiya haqqında iclas iştirakçılarına məlumat veriblər.
Elmi şura hər iki kitabın nəşrə təqdim edilməsini məsləhət görüb.
Geomorfologiya şöbəsinin müdiri v.i.e. Ceyhun Qasımovun səhhəti ilə əlaqədar müvəqqəti olaraq tutduğu vəzifədən azad edilməsi və coğrafiya elmləri doktoru, dosent Starə Tarixazərin həmin vəzifəyə müvəqqəti olaraq 3 ay müddətinə təsdiq edilməsi haqqında qərar qəbul edilib.