Coğrafiyaçılar 15 İyun – Milli Qurtuluş Gününü qeyd ediblər 2025-06-12 19:04:00 / TƏDBİRLƏR

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Elm və Təhsil Nazırlıyının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda 15 İyun – Milli Qurtuluş Günü qeyd edilib.

Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli də iştirak ediblər.              

İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani tədbir iştirakçılarını salamlayaraq 15 İyun tarixinin Azərbaycan xalqının  taleyində böyük önəm daşıdığını diqqətə çatdırıb. O qeyd edib ki, artıq 5-ci ildir ki, biz bu günü qalib xalq kimi daha yüksək əhvali-ruhiyyə, milli qürur hissi ilə qeyd edirik. Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsidir. Həmin gün ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaq”, - deyən Ümummilli Lider öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir.

Sonra Milli Məclisin deputatı Ceyhun Məmmədov “Heydər Əliyev siyasəti: qurtuluşdan zəfərə gedən yol” mövzusunda məruzə etdi. Məruzəçi 1991-ci ilin oktyabrında müstəqillik elan olunsa da, ölkədə hökm sürən özbaşınalıq, xaos, şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutan səriştəsiz rəhbərlərin kreslo davası  şəraitində 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin ölkənin təhlükəsizliyi, müstəqilliyinin möhkəmlənməsi, iqtisadiyyatın güclənməsi,  elmin, mədəniyyətin, inkişafındakı rolundan və sairdən söhbət açıb,

Fəlsəfə elmləri doktoru Fizuli Qurbanov “Azərbaycanın siyasi - coğrafi obrazı: nəzəri yanaşma” adlı məruzəsində xatırlanan illərdə Azərbaycanda baş verən siyasi və sosioloji məsələlərə fəlsəfi cəhətdən yanaşaraq, ərazinin coğrafi obrazı, milli ideyadan milli məfkurəyə, milli düşüncədə ərazi bütövlüyünün pozulması, ərazi bütövlüyü və cəmiyyətin bütövlüyü, “ərazi bütövlüyü”nün siyasi-hüquqi anlayışı və s. kimi məsələlərə aydınlıq gətirib.

Tarix elmləri doktoru Eynulla Mədətli də çıxış edərək Ulu Öndər Heydər Əliyevin  Naxçıvandakı fəaliyyətindən, milli dövlətçilik tariximizdəki müstəsna xidmətlərindən geniş məlumat verib.

İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O, Gürcüstanın Bolnisi rayonunda yaşayarkən Azərbaycandakı xaosdan, hərc-mərclikdən istifadə edən bandit erməni-gürcü birləşmələrinin  azərbaycanlıları öz ata-baba yurdlarından qovmaq istəyərkən Ulu Öndərin məsələyə qarışaraq vəziyyəti qaydaya salmasından, ümumiyyətlə, onun daima Azərbaycanın hüdudlarından kənarda yaşayan həmvətənlərinə olan diqqət və qayğısından söhbət açıb.

Şöbə müdirləri, coğrafiya üzrə fəlsəfə doktorları Ənvər Əliyev və Habil Haqverdiyev də mövzu ilə əlaqədar fikir bildirib, xatirələrini bölüşüblər.