AR Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun İqtisadi və siyasi coğrafiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Nəriman Paşayevin 65 illik yubileyi qeyd edilib.
Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani N.Paşayevi yubileyi münasibətilə təbrik edərək həyat və yaradıcılığı barədə iştirakçılara qısa məlumat verib. O qeyd edib ki, 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsini iqtisadi və sosial coğrafiya ixtisası üzrə bitirən N.Paşayev həmin ildən Azərbaycan EA-nın Coğrafiya İnstitutunda baş laborant kimi işə başlayıb. 1995-ci ildə «Azərbaycanın Böyük Qafqaz ərazisində təbii dağıdıcı-hadisələrin təsərrüfata təsirinin iqtisadi-coğrafi problemləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsini alıb. 2007-ci ildən dosent elmi adını daşıyır.
2017-ci ildə N. Paşayev «Azərbaycan Respublikasında təbii fəlakətlərin təsərrüfata təsirinin iqtisadi-coğrafi problemləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. O, 2000-ci ildən bu günədək Coğrafiya İnstitutunun «Azərbaycanın iqtisadi və siyasi coğrafiyası» şöbəsinin müdiri vəzifəsində çalışır. Rəhbərlik etdiyi dövrdə şöbədə 8 doktorluq işi, 50-dək namizədlik elmi işi müdafiə olunaraq Müdafiə şurasına təqdim edilib.
N.Ə. Paşayevin apardığı tədqiqat işləri əsasən, təbii fəlakətlərin təsərrüfata və əhali məskunlaşmasına təsirinə, regionların sosial-iqtisadi inkişafına, siyasi coğrafiya, iqtisadi və sosial coğrafiyanın təbii ehtiyatlar, sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat və sosial-infrastruktur kimi mühüm sahələrin öyrənilməsinə həsr olunub. Onun iqtisadi, sosial və siyasi coğrafiyanın müxtəlif problemlərinə dair 200 elmi məqaləsi, 40 elmi-publisist əsəri, 10 monoqrafiyası, 4 ali məktəb dərsliyi və 23 proqram işıq üzü görüb.
İnstitut Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı, şöbə müdiri v.i.e. c.ü.f.d. Etibar Bədəlov, aparıcı elmi işçisi, c.ü.f.d. Ziyafət Ağayev və başqaları çıxış edərək yubiley haqqında xoş sözlər söyləyib, ömrünün 65-ci ilini təbrik edərək ona can sağlığı, gələcək elmi fəaliyyətində uğurlar arzu ediblər.
Yubilyarın rəhbərlik etdiyi şöbənin işçiləri Nəriman müəllimi təbrik edərək ona hazırladıqları hədiyyəni təqdim ediblər.