Xalq qəzetində “Xəzər yenidən geri çəkilir” başlığı altında gedən yazıda AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovun adı çəkilən mövzuda müsahibəsi dərc edilib.
Coğrafiyaçı alim Xəzərin səviyyəsinin aşağı enməsinə təsir edən səbəblərdən danışarkən mövcud iqlim dəyişmələrinin, qlobal istiləşmə və su idarəetmə rejimlərinin bu cür davam edərsə Xəzər dənizinin səviyyəsinin daha da azalmasına səbəb olacağını diqqətə çatdırıb.
Şöbə müdirinin sözlərinə görə, suyun səviyyəsinin azalması duzluluğu və çirkləndiricilərin konsentrasiyasını artırır ki, bunun da nəticəsində bir çox canlı və bitki növləri üçün təhlükə yaranır.
Alim bildirib ki, dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə çaylar–kanallar vasitəsilə dənizə buraxılması onu çirikləndirir, flora və faunasına ciddi zərər vurur. Xəzəri qorumaq üçün isə Xəzərsahili ölkələrin birgə tədbirlər görməsinin vaxtıdır.