Coğrafiya İnstitutunda 28 May Müstəqillik Günü qeyd edilib 2025-05-26 17:45:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda "28 may Müstəqillik Günü"-nə həsr olunmuş tədbir keçirilib.

Tədbir vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.

İnstitut Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı iclası açaraq tədbirin Şərqdə ilk demokratik respublika olmuş Azərbaycan Cümhuriyyətinin 107-ci ildönümünə həsr edildiyini qeyd edib. O bildirib ki, Azərbaycan xalqı 28 May tarixi ilə fəxr edir. Bu bayram artıq beşinci ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur. Bizim böyük fəxrlə qeyd etdiyimiz ikinci tarix isə torpaqlarımızın işğaldan azad olunduğu gündür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və prinsipial mövqeyi nəticəsində qəhrəman ordumuz Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilib və biz bu il hamılıqla noyabrın 8-də bu şanlı qələbənin 5-ci ildönümünü qeyd edəcəyik.

Sonra tədbirə dəvət olunmuş tarixçi, 11 kitab və 100-dən artıq elmi məqalənin müəllifi, 1992-1994-cü illərdə Azərbaycanın İranda səfiri, 2005-2010-cu illərdə Milli Məclisin deputatı olmuş professor Nəsib Nəsibli müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Cümhuriyyətinin fəaliyyəti və süqutu haqqında məruzə ilə çıxış edib. Professor çıxışında Azərbaycanda milli oyanış hərəkatı, millətləşmə məsələləri, yüksəliş dönəmi, sovet dönəmində dövlət və millət, siyasi fədakarlıq kimi məsələlərə toxunub, Azərbaycan Demokratik Cümhuriyyətinin süqutunun səbəblərini izah edib.

Məruzəsinin sonunda N.Nəsibli iştirakçıların çoxsaylı suallarını cavablandırıb.