Azərbaycan qəzetində nəşr edilən “Bu il su ehtiyatlarımız hansı səviyyədədir?” adlı yazıda AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri professor Rza Mahmudovun adı çəkilən mövzuda müsahibəsi dərc edilib.
İqlimşünas alim bildirib ki, Azərbaycanın ümumi su ehtiyatının 30 km3 ətrafında qiymətləndirilir və iqlim dəyişmələrinin təsirindən çayların illik axımının 12-15 faiz, hətta bəzi çaylarda 40 faizə qədər azalması bu göstəricini, xüsusilə azsulu illərdə daha aşağı salır. "Ölkənin Milli Su Strategiyasında göstərildiyi kimi, iqlim dəyişmələrinin təsirindən su ehtiyatlarının 2040-cı ilə kimi 20,1 km3-ə, o cümlədən yerüstü su ehtiyatlarının isə 11,6 km3-ə düşməsi ehtimal olunur. Beləliklə, ölkədə mövcud su çatışmazlığının 4,0 km3-dən 8,0 km3-ə qədər artması gözlənilir", - deyə o əlavə edib.
Şöbə müdirinin sözlərinə görə verilən proqnozlara əsasən, ölkə ərazisində bu il sululuğun normaya yaxın və bir qədər az olacağı gözlənilir. Eyni zamanda gursululuq dövründə düşə biləcək intensiv yağışlar bəzi dağ çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verməsinə səbəb ola bilər. Ümumilikdə, proqnozlar göstərir ki, iqlim dəyişmələrindən, həmçinin antropogen təsirlərdən qaynaqlanaraq su böhranı ildən-ilə artmaqdadır. Bu baxımdan sudan səmərəli istifadə, çirklənmənin qarşısını almaq hər kəsin əsas vəzifələrindən birinə çevrilməli, iqlim dəyişmələrinin yaratdığı fəsadların qarşısını almaq üçün bu yöndə davamlı tədbirlər görülməlidir.