15 May - Beynəlxalq İqlim Günü ilə əlaqədar AzərTAC-da AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun kiçik elmi işçisi Fəridə Talıbovanın açıqlaması dərc edilib.
Elmi işçinin sözlərinə görə müşahidə və hesablamalar göstərir ki, baza dövrü ilə müqayisədə hazırda isti dalğaların sayı çoxalıb. Baza dövründə müxtəlif ərazi üçün isti dalğaların sayı 2-5 və ya 6-10 olurdusa, 1991-ci ildən indiyə qədər olan dövrdə bu, bir neçə dəfə artıb. Son illərdə isti dalğaların sayının çox olması iqlim dəyişmələrinin bariz nümunəsidir.
F.Talıbova bildirib ki, ümumiyyətlə, Azərbaycanda iqlim şəraitinin formalaşmasında şimaldan və şimal-şərqdən gələn siklonların təsiri də böyükdür. Son zamanlar Bakıda müşahidə olunan yağıntıların leysan xarakter alması isə ərazinin mikroiqlimi ilə bağlıdır. Əslində, Azərbaycanda daşqınların, sellərin olması yaz və payız fəsilləri üçün xarakterikdir.