Coğrafiya İnstitutunun əməkdaşı, Xəzər dənizi problemləri şöbəsinin elmi işçisi Elnur Səfərov Rusiya Federasiyasının Tver şəhərində təşkil olunmuş “Məsafədən zondlama, su dövranı və iqlim dəyişmələri” mövzusunda seminar-təlim kursunda iştirak edib.
Təlim kursu Ümümdünya Meteorologiya Təşkilatı (WMO) və Kosmik Tədqiqatlar üzrə Komitənin (COSPAR) birgə təşəbbüsü ilə Tver Dövlət Universitetində təşkil edilmişdi. Təlimə Avropa Aerokosmik Agentliyi (ESA), Ümümdünya Meteorologiya Təşkilatı, Milli Kosmik Tədqiqatlar Mərkəzi (CNES), Avropa Peyk Meteorologiyası Təşkilatı (EUMETSAT), həmçinin Rusiya Federasiyası Elmlər Akademiyası (RAN) və digər təşkilatlarda çalışan yüksək ixtisaslı mütəxəssislər cəlb olunmuşdu.
10 gün davam edən təlim müddətində E.Səfərov «Peyk müşahidə məlumatlarının hidrometeoroloji proseslərin tədqiqində və ətraf mühitin monitorinqində rolu”, “Peyk təsvirlərinin emalı, peyk məlumatları bazaları və onlarla iş qaydaları”, “Okeanoloji proseslərin peyk müşahidə məlumatları vasitəsilə tədqiqi” və s. mövzularda mühazirələr dinləmiş, praktiki məşğələlərdə yaxından iştirak etmişdir. Gənc alim təlim kursunu müvəffəqiyyətlə başa vuraraq məsafədən zondlama sahəsində Beynəlxaq Sertifikata sahib olmuşdur.