Coğrafiyaçı alimin iştirakı ilə baş tutan sənədli filmə baxış keçirilib 2025-03-04 15:56:00 / MÜHÜM HADİSƏLƏR

Ekologiya və Təbii Sərvətlər Nazirliyində AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri c.ü.f.d. Mirnuh İsmayılovun iştirakçısı olduğu “Bir ovuc dünya” adlı sənədli filmin ictimai baxışı keçirilib.

Tədbirdə ETSN yanında İctimai Şuranın üzvləri, ekologiya sahəsi üzrə mütəxəssislər, alimlər, ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Sənədli filmdə  işğal dövründə Ermənistanın Azərbaycana qarşı törətdiyi  ekosidin baş verdiyi ərazilər, işğalçıların təbiətə qarşı amansız, qeyri-insani rəftarı nümayiş etdirilib,  eyni zamanda Qarabağ və Şərqi Zəngəzur ərazisində aparılan son tədqiqat və araşdırmaların nəticələri də açıqlanır.

Qeyd edək ki, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin ərsəyə gətirdiyi sənədli filmin  çəkilişləri  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Agentliyinin dəstəyi ilə baş tutub. Filmin ilk təqdimatı isə 2024-cü il noyabrın 20-də COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Pavilyonunda ingilis dilində olub.