Coğrafiyaçı alim hidrometeoroloji məlumatlar barəsində fikir mübadiləsi aparıb 2025-01-28 15:50:00 / MÜHÜM HADİSƏLƏR

ETN akademik H.Əliyev adına Coğrafiya İnstitutunun «Qurunun hidrologiyası və su ehtiyatları» şöbəsinin müdiri prof. Rza Mahmudov Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovla görüşüb.

Məqsəd Hidrometeoroloji  fəaliyyət haqqında qanunun  hidrometeoroloji məlumatların ötürülməsinə dair maddəsinin müzakirəsində iştirak etmək, qanunun 17-ci maddəsində qeyd edilən  hidrometeoroloji məlumatların ödənişli və ödənişsiz ötürülməsinə dair fikir mübadiləsi aparmaq olub.

Alim həmin maddənin icrası ilə bağlı dövlət elmi-tədqiqat və təhsil müəssisələrinin, kütləvi informasiya vasitələrinin  həmin məlumatların alınmasında, onların tədqiqatçılara ödənişsiz verilməsində böyük çətinliklə qarşılaşdıqlarını Komitə sədrinin diqqətinə çatdırıb.

Sədr bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə əlaqə saxlayaraq onlara göstərilən maddənin icrası ilə bağlı nazir Muxtar Babayevin ünvanına müvafiq məktubun hazırlanması ilə əlaqədar göstəriş verib.

Görüşün sonunda Komitə sədri “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyini Rza Mahmudova hədiyyə edib.